Avropa Şurası və Avropa Parlamenti Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı ilkin çərçivə razılaşmasını təsdiqləyib.
Editor.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında yayımlanan press-relizdə məlumat verilir.
Danimarkanın İqlim, Enerji və Kommunal Təsərrüfatlar naziri Lars Aqaard qəbul edilən qərarı “bütün Avropa üçün böyük qələbə” kimi dəyərləndirib.
“Biz Avropa İttifaqının Rusiya qazından asılılığını aradan qaldırmalıyıq və Aİ-də bu istiqamətdə daimi qadağanın tətbiqi düzgün yöndə atılmış mühüm addımdır”, – deyə o bildirib.
Qəbul edilən tənzimləmə Aİ-nin Rusiyadan enerji asılılığını azaltmağı hədəfləyən REPowerEU strategiyasının əsas komponentlərindən biridir.
Sənədə əsasən, Rusiya Federasiyasından həm mayeləşdirilmiş təbii qazın (LNG), həm də boru kəməri qazının idxalı mərhələli şəkildə qadağan ediləcək. Tam qadağanın isə müvafiq olaraq 2026-cı ilin sonu və 2027-ci ilin payızında qüvvəyə minməsi nəzərdə tutulur.
Qanun layihəsinin həmmüəlliflərinin açıqlamasına görə, Rusiyadan yeni təbii qaz idxalı qanunun qüvvəyə minməsindən 6 həftə sonra dayandırılacaq, mövcud müqavilələr üzrə isə keçid müddəti tətbiq olunacaq.
// Gülnarə Abasova, Editor.az

