Margus Tsahkna Estoniya xarici işlər naziri olaraq X platformasında paylaşdığı açıqlamada bildirib ki, Rusiya və İran Yaxın Şərqdə davam edən münaqişədə eyni tərəfdə yer alır və Avropa İttifaqı Moskvanın bu müharibədən qazanc əldə etməsinə imkan verməməlidir.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Rusiya ilə İran arasında hərbi əməkdaşlıq, Moskva ilə Tehran arasında kəşfiyyat məlumatlarının mübadiləsi və pilotsuz uçuş aparatlarının istifadəsində qarşılıqlı dəstək bu iki ölkənin eyni cəbhədə olduqlarını getdikcə daha aydın şəkildə göstərir.
Nazir həmçinin vurğulayıb ki, İran rejiminə qarşı mübarizə onun əsas müttəfiqi olan Rusiyanın güclənməsi ilə nəticələnməməlidir.
Tsahkna qeyd edib ki, Kremlin bu böhrandan qazanc əldə etməsinə yol vermək olmaz. Onun fikrincə, qlobal neft qiymətlərinin artması mart ayının sonunadək Rusiyaya milyardlarla dollar əlavə vergi gəliri gətirə bilər. Bu vəsait isə Moskva tərəfindən Ukrayna-ya qarşı təcavüzün davam etdirilməsi və Qərblə uzunmüddətli qarşıdurmaya hazırlıq üçün istifadə oluna bilər.
Bu səbəbdən nazir Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsinə və Rusiyadan Aİ-yə enerji idxalına daha ciddi məhdudiyyətlərin tətbiqinə çağırıb. O, eyni zamanda Aİ-nin Ukraynaya dəstəyinin güclü şəkildə davam etməsinin vacibliyini vurğulayıb.
Tsahkna əlavə edib ki, Rusiyanın enerji resurslarından asılılığın davam etməsi səbəbindən Ukrayna və sanksiyalarla bağlı mühüm Aİ qərarlarının bloklanması məsuliyyətsizlikdir. O bildirib ki, Avropanın təhlükəsizliyi naminə bu asılılığa son qoyulmalı, təchizat zəncirləri şaxələndirilməli və Rusiya enerjisinin idxalını davam etdirməyin yolları axtarılmamalıdır.
//Gülnarə Abasova, Editor.az

