“Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrelin bəyanatı, beynəlxalq təşkilatın Laçın dəhlizi ətrafında yaranmış “erməni şousu”na münasibətidir. Çox təəssüf ki, biz, müəyyən reallıqları dünya birliyinə hələ də çatdıra bilməmişik. Bunun nəticəsində Aİ və bəzi söz sahibi olan böyük dövlətlər hesab edir ki, Laçın dəhlizi xüsusi statusa malik olan dəhlizdir və o açılmalıdır. Beynəlxalq məhkəmə də bu barədə iki dəfə qərar qəbul edib. Tələb edib ki, Laçın dəhlizində maneəsiz hərəkət təmin olunsun. Eyni mövqeni əksər dövlətlər və beynəlxalq təşkilatlar da çox təəssüf ki, müxtəlif səviyyələrdə bəyan ediblər”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrelin Aİ-nin Azərbaycanın Ağdam vasitəsilə yükləri çatdırmağa hazır olduğunu qiymətləndirməsinə və Brüsselin “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə humanitar vəziyyətdən narahatlığı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu yanaşmanın bir neçə səbəbi var: “Bir tərəfdən özünə hörmət etməyən, heç bir milli qürur hissi olmayan ermənilərin bütün dünyanı başına alan haray-həşiri, digər tərəfdən də bu haray-həşirdən bezən və məsələnin mahiyyətini o qədər də anlamayan beynəlxalq qurumların verdiyi dəstəkdir. Təəssüf ki, reallıq bundan ibarətdir. Azərbaycanın haqlı mövqeyi açıq şəkildə dəstəklənmir. Bəzən qəti şəkildə, bəzən də xahiş formasında Laçın dəhlizinin açılmasının lazım olduğunu bildirirlər. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ağdam-Xankəndi yolundan istifadənin zəruriliyindən danışdı. Bu da Qarabağda kəskin narazılıqla qarşılandı. Çox təəssüf ki, Aİ bu mövqeyində israr etmək və Ağdam yolundan istifadənin qaçılmaz olduğunu Qarabağ ermənilərinə başa salmaq əvəzinə onların dediklərini təsdiq edən mövqe tutmağa çalışır. Cozef Borrelin də bu bəyanatı parlaq nümumədir “.
A.Səmədov qeyd edir ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək: ” Qarabağa humanitar yüklər yalnız Azərbaycan ərazisindən və müəyyən edilən yolla daşına bilər. Laçın dəhlizində maneəsiz hərəkət tələbi heç bir beynəlxalq sənəddə yoxdur. 10 noyabr bəyanatında açıq şəkildə qeyd edilib ki, Naxçıvandan Azərbaycanın qərb rayonlarına çəkiləcək yolda ermənilər maneəsiz hərəkəti təmin etməlidirlər və buna baxmayaraq ermənilər dəfələrlə bildirib ki, Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmaq istəyirlər.Dünya da buna etiraz etmir. Halbuki “maneəsiz” ifadəsi yalnız həmin yol üçün nəzərdə tutulub”.
Siyasi şərhçi Aİ-nin yaranmış “humanitar böhranla” bağlı narahatlıq ifadə etməsini erməni təbliğatından irəli gəldiyini düşünür: “Hesab edirəm ki, ermənilərin Laçın buraxılış məntəqəsi qarşısında təşkil etdikləri şouya qarşı Azərbaycan, beynəlxalq təşkilatlar ilk növbədə Beynəlxalq Qırmızı Xaç komitəsindən Azərbaycandan alınmış 360 tondan daha artıq “humanitar yardım”ın Ağdam yolu ilə Qarabağa gətirilməsini tələb etməli idi. Azərbaycan da bu məsələdə beynəlxalq təşkilatlara hər cür yardımı göstərə bilərdi. Əsgəran yolunda Azərbaycandan aparılan humanitar yardımın qarşısının alınmasına tamaşa etmək üçün beynəlxalq təşkilatların nümayəndələrini səfərbər edə bilərdik. Erməni həyasızlığı, ləyaqətsizliyi ilə mübarizənin çox təəssüf ki, başqa yolu yoxdur. Aİ Qarabağdakı “humanitar vəziyyətdən” narahatdır. Bu narahatlığa heç bir əsas yoxdur. Qarabağ erməniləri və “liderləri” ilə açıq şəkildə danışmaq lazımdır ki, mövcud problemlər Azərbaycan vasitəsilə həll olunacaq”.
Siyasi şərhçi Ermənistanda Aİ missiyasının yerləşdirilməsini mövcud vəziyyətlə bağlı olmadığını bildirib: “Daha çox rəsmi İrəvandakı ermənilərin rəsmi Bakıya qarşı atdığı şər, böhtanla əlaqəlidir. Özlərinin törətdiyi təxribatlarda Azərbaycanı günahlandırırdılar. Rəsmi Bakı da bu missiyanın 2 ay müddətində İrəvanda yerləşməsinə etiraz etmədi. Düzdür, sonradan razılaşma Aİ tərəfindən pozularaq missiyanın mandatı 2 il müddətinə uzadıldı. Hərçənd heç bir qanun pozuntusu aşkar edilməyib. Azərbaycan öz haqlı mövqeyindən geri çəkilməməlidir “.
//Safura Bənnayeva, Editor.az

