“Fransa bayrağı altında Avropa İttifaqının müşahidəçi missiyasının sərhədimizə yaxınlaşmasının kəşfiyyat işlərinin aparılmasına və növbəti təxribatlara əl atmaq planları üzərində işlənməsinə xidmət etdiyini hesab edirəm”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Avropa İttifaqının müşahidəçi missiyasının sərhəddə olması ümumiyyətlə düzgün addım deyil və Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh prosesinə təzyiq göstərmə cəhdidir:
“Biz noyabr ayında COP 29 tədbirinə ev sahibliyi edəcəyik. Bu beynəlxalq tədbir ərəfəsində Aİ-nın müşahidəçi missiyası adı altında Fransanın təşkilatçılığı ilə kəşfiyyatçıların görünməsi onların çirkin niyyətlərindən xəbər verir. Xüsusilə Ermənistan Nerki Hand kəndində əl atdığı təxribata çox ciddi cavabımızı almışdı. Aİ müşahidəçi missiyası bu kəndə daxil ola bilmirdi. İndi məhz Fransa bayrağı olan avtomobillə gəlməklə onların yaxın gələcəkdə yenidən təxribatla bağlı planlarının olmasından xəbər verir. Ermənistan bir tərəfdən sülhdən danışır və əməkdaşlıq qurmağa hazır olduğunu bildirir, digər tərəfdən Ai-nın lazımsız missiyasını saxlayır və çirkin planlar üzərində işləyir. Bu da regionda sabitliyin bərqərar olunmasına mənfi təsir göstərir”.
//Gülnarə Abasova, Editor.az

