Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq.
Editor.az bildirir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Peter Stano məlumat verib. O qeyd edib ki, Aİ-yə daxil olmaq prosesi “saatlarla deyil, illərlə davam edir”. Xatırladaq ki, Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və 1999-cu ildə namizəd statusu alıb. Üzvlük danışıqları isə 2005-ci ildə başlayıb.
Məsələnin müzakirəsi, digər məsələlərlə yanaşı, Avropa Birliyinin mövqeyinə görə, söz azadlığını pozan bir sıra Türkiyə qanunları ilə mürəkkəbləşir. Stano bildirib ki, Avropa İttifaqı Türkiyəyə vizasız rejim təqdim etməyə də hələ hazır deyil. “Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar üzv dövlətlər tərəfindən ölkə insan haqları və siyasi azadlıqlar daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra qəbul edilir”.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin çox yaxın vaxtlarda NATO-ya daxil olması məsələsində razılığa gəlməyə hazırdır, lakin bunun müqabilində ölkənin Avropa İttifaqına daxil olması prosesini intensivləşdirmək istəyir. Buna cavab olaraq NATO və Aİ bəyan edib ki, Ərdoğanın bu iki prosesi əlaqələndirmək istəyi yersizdir. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveçin alyansa daxil olmasına razılıq verdiyini açıqlayıb. İsveç də öz növbəsində Türkiyənin Avropa Birliyinə üzvlüyünə yardım edəcəyinə söz verdiyini deyib. Kreml isə Türkiyə hakimiyyətini “çəhrayı rəngli eynək taxmamağa” və Aİ-yə üzv olmağa ümid etməməyə çağırıb.
//Samir Qurbanov, Editor.az

