Ukrayna münaqişəsinin mümkün həlli ilə bağlı aparılan son diplomatik müzakirələr Avropanın təhlükəsizlik sistemindəki real çəkisini yenidən gündəmə gətirib. Xüsusilə ərazi məsələlərinin ABŞ, Rusiya və Ukrayna arasında müzakirə olunması fonunda Avropa İttifaqının prosesdən kənarda qalması regionun gələcək təhlükəsizlik arxitekturası ilə bağlı ciddi suallar doğurur. Mütəxəssislər hesab edir ki, formalaşan yeni danışıqlar formatı Avropanın geosiyasi təsir imkanlarının zəiflədiyini açıq şəkildə nümayiş etdirir.
Polşa Prezidenti Karol Navrotski Ukraynanın ərazi güzəştləri ilə bağlı müzakirələrin yalnız Moskva, Kiyev və Vaşinqton arasında aparılmalı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa bu danışıqlarda iştirak etməməlidir. Navrotski Polşanın prosesdən kənarda qalmasını Baş nazir Donald Tuskun Qərb tərəfdaşları arasında mövqeyinin zəifləməsi ilə əlaqələndirib. Eyni zamanda o, Ukrayna münaqişəsinin həlli məqsədilə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirak etdiyi danışıqlarda yer almaq istədiyini də vurğulayıb.
Məsələ ilə bağlı beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ–Rusiya–Ukrayna formatının ön plana çıxması Avropanın regional təhlükəsizlikdə rolunun zəifləməsinə xidmət edir.

Ekspertin sözlərinə görə, mövcud danışıqların nəticələrindən əsasən ABŞ və Rusiya məmnun qalır, Avropa İttifaqı isə prosesdən kənarda qaldığı üçün narazı tərəf kimi görünür:
“Sadə dillə desək, hər kəs bu prosesdən öz payını götürdü. ABŞ mineral resurslara çıxış əldə etdi, Rusiya isə təbii sərvətlərlə zəngin olan Ukrayna ərazilərinin təxminən 20 faizini işğal etdi. Bəs Avropa İttifaqı nə qazandı? Bu sualın konkret cavabı yoxdur”.
Əziz Əlibəyli xatırladıb ki, Berlin danışıqları zamanı ABŞ və Ukrayna arasında müzakirələrin əsas mövzusu məhz ərazi məsələləri olub. Onun sözlərinə görə, ABŞ tərəfi Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verə biləcəyini açıqlayıb, lakin Kiyev ərazi güzəştləri ilə bağlı mövqeyindən geri çəkilməyib.
“ABŞ rəsmiləri artıq danışıqlarda 90 faizlik razılaşmanın əldə olunduğunu bildiriblər. Bununla belə, qismən işğal olunmuş dörd Ukrayna ərazisinin gələcək statusu hələ də ciddi problem olaraq qalır. Bu prosesdə Avropa İttifaqı yenə də əsasən müşahidəçi və texniki dəstəkçi rolunda çıxış etdi”.
Ekspert vurğulayıb ki, Avropanın regional təhlükəsizlikdə rolunun zəifləməsinin bir neçə əsas səbəbi var:
“ABŞ-nin dominant mövqeyi, Avropa daxilində siyasi parçalanmalar və kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı qeyri-müəyyənlik bu zəifləməni şərtləndirən əsas amillərdir”.
//Gülnarə Abasova, Editor.az

