Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi: “Ermənistan təxribat platformasına çevrilib”backend

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi: “Ermənistan təxribat platformasına çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa parlamentinin yeni sessiyası başlayır və burada Azərbaycana qarşı yenə kampaniya işi başladılır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanın maraqlarına zidd qətnamənin layihəsi hazırdır:

“Məruzəçilər çox qərəzli bir layihə hazırlayıblar. Orada Azərbaycana xeyli sayda lazımsız tapşırıq, tövsiyələr verilir ki, bunlar bizim siyasətimizlə heç bir uyğunluq təşkil etmir. Məruzəçilər açıq-aşkar antiAzərbaycan qüvvələrinin təsiri altında bu prosesləri təmin edib. Sessiyada həmin məruzələr dinləniləcək. Baş verənlərin kontekstində aydın olur ki, Ermənistan da bu proseslərin içindədir”.

Politoloq qeyd edir ki, digər tərəfdən cənub qonşumuz hərbi təyyarələrlə sərhəd ərazilərdə uçuş həyata keçirir:

“Ermənistan burada təxribat platformasına çevrilib. Ondan bəzi ölkələr yararlanmağa çalışır. Çünki bölgə çox həssasdır. Buradan Avropaya xeyli sayda enerji, nəqliyyat, kommunikasiya xətləri uzanır. Onların müqəddaratı gərək həmişə təhlükəsizliklə əhatələnsin. Bu prosesdə biz Avropanın da maraqlarını görürük. Amma burada təzad ondan ibarətdir ki, bir tərəfdən Avropa İttifaqı Azərbaycanı tərəfdaş kimi dəyərləndirir, digər tərəfdən də siyasətçilər bizimlə bağlı qərəzli xətlər yürütməyə çalışırlar ki, ölkəmizi dünya birliyi qarşısında ittiham etsinlər. Bunlar hamsısı boş, uydurma məqamlardır ki, heç bir əsası yoxdur. Azərbaycanı belə boş addımlarla öz seçdiyi yolda dayandırmaq mümkünsüzdür”.

T.Abbasovun sözlərinə görə, prezident İlham Əliyev bütün bu proseslər nəticəsində qətiyyətli addımlar atır:

“Onun iradəsi güclüdür. İstənilən halda ölkəmizlə siyasi oyunbazlığa girişən, təhdid törədən qüvvələrin cavabını vaxtı-vaxtında verir. Bu proseslərin ardınca fiziki cəhətdən toqquşmalar baş verəcəyinə inanmıram. Ermənilər silaha əl atsalar əlbəttə ki, başlarından zərbəni alacaqlar. AntiAzərbaycan cəbhəsi var. Onu ciddi şəkildə formalaşdıranlar Fransa, İran, Hindistan, Yunanıstandır. Bu, çox  rüsvayçı oyundur. Çünki Azərbaycan ümumiyyətlə bölgədə elə bir mövqedən çıxış edir ki, əmin-amanlıq bərqərar olsun. O qüvvələr gərək anlasınlar ki, Cənubi Qafqazda hərc-mərclik yaratmaq cəhdləri boşa çıxacaq. Sabitlik qorunmasa, böyük katostrafik dəyişikliklər baş verə bilər. Biz geri çəkilməyəcəyik. Çünki kifayət qədər gücümüz var və qalib gəlmiş xalqıq. Buna görə də öz sözümüzü deməyi bacarırıq”.

 
//Safura Bənnayeva, Editor.az