Rusiya və Ukrayna arasındakı müharibə onsuz da enerji cəhətdən çətin vəziyyətdə olan Avropada böhranı daha da dərinləşdirib. Rusiyadan asılılıqdan qurtulmaq üçün mübarizə aparan Avropa ölkələri enerji səfərbərliyi elan etsə də Rusiyadan təbii qaz nəqlinin azalması və embarqo qərarlarının təsiri ilə qış mövsümündə Avropada böhranın dərinləşəcəyi gözlənilir.
Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiyadan aldıqları qazı kompensasiya etmək üçün alternativ tapa bilməyən Avropa ölkələrinin istehlakın yüksək olduğu qış mövsümündə daha çətin günlər yaşaya biləcəyi bildirilir. Yaşanan problemlər artıq Aİ ölkələrində istehlakçıları düşünməyə vadar edib.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Avropa İttifaqı (Aİ) ötən ilin iyul ayında Rusiyadan gündəlik təxminən 300 milyon kubmetr qaz idxal etdiyi halda 2022-ci ilin iyul ayına bu rəqəm 100 milyon kubmetrdən aşağı düşüb. Beləliklə, Aİ-nin Rusiyadan aldığı təbii qazın həcmi bir ildə 70 faiz azalıb. Almaniyanın enerji bazarının tənzimləyicisi, Avropanın istehsal bazası və ən böyük iqtisadiyyatı olan Bundesnetzagentur (BNetzA) şirkətinin prezidenti Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları tələbatı maksimum 2 ay ödəyə biləcək.
Avropa ölkələri arasında Almaniya qazın kəsilməsinə ən həssas ölkə kimi görünür. Müharibədən əvvəlki dövrdə qaza görə Rusiyadan asılı olan ölkə müharibədən sonra da qaza olan tələbatının 35 faizini Rusiyadan qarşılayırdı. İndi qışı əlində məhdud enerji ilə keçirməli olan Almaniya qiymət artımından sonra qaz təchizatı şirkətlərinə dəstək məqsədilə oktyabrın 1-dən bütün istehlakçılara əlavə vergilər tətbiq etməyə hazırlaşır. İqtisadiyyat Nazirliyi son açıqlamasında müvəqqəti əlavə verginin oktyabrın 1-dən qüvvəyə minməsinin və 2024-cü il aprelin 1-də başa çatmasının planlaşdırıldığını açıqlayıb. Əlavə vergi tarifinin hesabları hər ailə üçün təxminən 500 avro artıracağı gözlənilir.
//Safura Bənnayeva, Editor.az

