“ABŞ dövlətinin Rusiyaya qarşı artan təzyiqləri fonunda nüvə eskalasiyasının olmayacağına dair əminlik böyük ehtimalla iki ölkə arasında gizli məqamların olduğunu göstərir. Nüvə zərbəsinin olmayacağından əmin danışmaq üçün bundan yüz faiz əmin olmaq lazımdır. Görünən odur ki, ABŞ bundan əmindir. Rusiyanın isə nüvə doktrinasına dəyişiklik etməsi ABŞ-ı yox, Avropanı qorxutmaq üçündür”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, ABŞ-la Rusiya arasında Avropa uğrunda mübarizə gedir:
“Ukrayna təcavüzü ilə Rusiya böyük ölçüdə bu mübarizədə öz imkanlarını itirdi, amma nüvə təhdidi ilə Avropanı heç olmasa gələcək qarşıdurmalardan çəkindirmək istəyir. Məsələ ondadır ki, Trampın gəlişi ilə bu müharibənin dayanması ehtimalı yüksək olsa da, Avropa, xüsusən də, Böyük Britaniya, Almaniya Ukraynaya məğlub olmağa imkan vermək istəməz. Odur ki, ABŞ-sız da bu müharibənin davametmə ehtimalı var. Rusiya da bunun qarşısını almaq üçün onlara geri çəkilməklə bağlı mesaj verir. Göründüyü kim çox vaxt Böyük Britaniyaya nüvə zərbəsi endirəcəyindən danışır.
Bu qarşıdurmalar yeni dünya düzəni formalaşması prosesində geosiyasi xarakter alır. Yeni güc mərkəzlərinin formalaşmasını özündə ehtiva edir. ABŞ Rusiyanın indiki şərtlərlə müharibədən qalib hesab ediləcək şəkildə çıxmasına ona görə razı olur ki, indiki sanksiyalarla əhatə olunmuş zəif Rusiya ABŞ-a sərf edir. Amma Avropa üçün zəif Rusiya belə təhlükə mənbəyidir. Ona görə Avropa Rusiyanın bu müharibədən tam məğlub çıxmasını istəyir, hətta parçalanmasını belə…”.
//Gülnarə Abasova, Editor.az