Avropada enerji panikası: Tədbirlər bir-birinin ardınca elan edilir…backend

Avropada enerji panikası: Tədbirlər bir-birinin ardınca elan edilir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın qazını kəsdiyi Avropada enerji panikası artır. Bir-birinin ardınca yeni qənaət tədbirlərinin elan olunduğu, hətta həbs cəzalarının belə gündəmdə olduğu qitədə nəhəng fabriklər bağlanır, şirkətlər müflis olur.

Editor.az xarici mediaya istinadən bildirir ki, bir neçə Avropa ölkəsi isə enerji böhranına qarşı fərqli tədbirlər planı tərtib etməyə başlayıb. Almaniyada enerjiyə qənaət etmək üçün yerli vaxtla saat 22:00-dan etibarən ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülüb. Bundan əlavə, xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq. İnsanların sıx olduğu yerlər, məsələn, yarmarkalar və böyük zallar ümumiyyətlə qızdırılmaya bilər. Bu arada Berlin polisi qış aylarında mümkün təbii qaz kəsintilərinə görə etiraz aksiyalarına və talanlara hazırlaşır.

İsveçrə də enerjiyə qənaət planı hazırlayan ölkələr içərisindədir. İsveçrədəki enerji böhranının ölkədə fəaliyyət göstərən Avropa Nüvə Araşdırmaları Mərkəzində (CERN) təcrübələrin dayandırılmasına belə səbəb ola biləcəyi bildirilib. Fransada da eyni vəziyyət hökm sürür. Önümüzdəki qış aylarında elektrik enerjisi sisteminə ciddi təzyiq göstərildiyi üçün həftənin müəyyən vaxtlarında ölkədə bir neçə saatlıq elektrik enerjisində fasilələr ola bilər. Eyfel qülləsi və Luvr kimi abidələrin işıqlandırılması gecə 01:00 deyil, saat 23:00-dan etibarən sönəcək. Ölkənin rəsmi dəmir yolu şirkəti SNCF-nin qatar xidmətlərini azaltmaq imkanı da müzakirə mövzusudur.

//Safura Bənnayeva, Editor.az