Avstraliyada fabriklərdə tətillər səbəbindən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün azalacağı ilə bağlı narahatlıqlar Avropada qazın qiymətini 1000 kubmetr üçün 450 dollara çatdırıb.
Editor.az bu barədə “Kommersant” qəzetinə istinadla xəbər verir. Avropada qazın qiyməti cəmi bir gündə 15% artıb. Avropa Birliyi ölkələrindəki isti və sakit hava da qiymətlərin qalxmasına şərait yaradır. Qəzet qeyd edir ki, çox güman ki, qiymətlərin kəskin artmasının bilavasitə səbəbi Braziliyanın elektrik enerjisi sistemində ölkənin demək olar ki, bütün ştatlarını əhatə edən böyük qəza olub. Braziliya, bir qayda olaraq, ölkə enerjisinin əsasını təşkil edən su elektrik stansiyalarının işində fasilələr yarandığı halda, qazla işləyən elektrik stansiyaları vasitəsilə enerji kəsirini bağlamaq üçün LNG alışını xeyli artırır.
Bundan əlavə, ekspertlərin fikrincə, Çində qaza tələbatın bərpası da qiymət artımına təsir edir. Eyni zamanda, analitiklər hesab edirlər ki, bu amillər müvəqqətidir və Avropada qazın qiymətinin uzun müddət saxlanılması üçün fundamental səbəb deyil.
Avqust ayında müşahidə edilən anomal temperatur və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün azaldılması riskləri səbəbindən bu həftə Avropada qaz ehtiyatlarının qiymətlərinin kəskin artdığı daha əvvəl də bildirilmişdi.
//Gülnarə Abasova, Editor.az