Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin hesablamalarına görə,2024-cü ilə qədər Avropa ölkələrində 65 və yuxarı yaşda olan insanların sayı 15 yaşa qədər olan gənc əhalidən çox olacaq.
Editor.az xəbər verir ki, araşdırma ÜST-nin rəsmi saytında dərc edilib. Yeni hesabat fiziki fəaliyyət və pəhrizin insanların sağlamlığına təsir edən əsas amillər kimi rolunu vurğulayır. Bildirilir ki, orta səviyyədə idman və sağlam qidalanma ürək-damar xəstəliklərinin, xərçəngin, şəkərli diabetin, demensiyanın, psixi pozğunluqların və digər qeyri-infeksion xəstəliklərin qarşısını alır.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri yaşlı insanlara meyvə-tərəvəzlə zəngin pəhriz saxlamağı, şəkər, duz və yağda yüksək olan emal olunmuş qidalardan uzaq durmağı tövsiyə edir. Həmçinin qocalıqda sağlamlığı qorumaq üçün mütəxəssislər həftədə ən azı 150 dəqiqə fiziki fəaliyyətə vaxt ayırmağı tövsiyə edirlər ki, bu da vaxtından əvvəl ölüm riskini 28% azaldır. Daha intensiv məşq hər hansı bir səbəbdən ölüm ehtimalını 35% azalda bilər.
//Gülnarə Abasova, Editor.az

