Böyük Britaniya Ordusunun istefada olan polkovniki Riçard Kemp Ukraynanın öz nüvə silahını hazırlaya biləcəyini bildirib. O, bu fikrini Rumıniyanın Konstansa şəhərində keçirilən “Qara Dəniz Təhlükəsizlik Forumu”nda səsləndirib.
Kempə görə, Rusiya ilə müharibə fonunda Ukraynanın təhlükəsizliyini təmin etmək üçün strateji müdafiə imkanları genişləndirilməlidir. O, bu çərçivədə Böyük Britaniyanın Ukraynaya nüvə texnologiyalarının inkişafında dəstək göstərə biləcəyini ehtimal edib.
Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, Ukrayna 1994-cü ildə imzalanan Budapeşt Memorandumu əsasında nüvə silahından imtina etmişdi:
“Hazırda ölkə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır və rəsmi olaraq nüvə silahı olmayan dövlət statusunu qoruyur. Bununla belə, bəzi ekspertlər hesab edir ki, Ukraynanın təhlükəsizliyi təhdid altında qalarsa, bu məsələ yenidən gündəmə gələ bilər.
Böyük Britaniya ilə Ukrayna arasında müdafiə sahəsində strateji əməkdaşlıq mövcuddur. London Kiyevə hərbi təlim, texniki dəstək və silah təchizatı sahələrində yardım göstərir. Lakin indiyədək nüvə texnologiyaları ilə bağlı əməkdaşlıq barədə rəsmi təsdiqlənmiş razılaşma yoxdur”.
K.Novruzovun sözlərinə görə, Ukraynanın nüvə silahına malik olması nəzəri baxımdan real olsa da, praktik baxımdan çox çətindir:
“Məsələ burasındadır ki, indiki anda nəinki Rusiya, heç ABŞ və Türkiyə də buna razı olmaz. Çünki Ankara və Vaşinqton müharibənin bitməsi üçün çalışır. Ukrayna nüvə silahına malik olmaqla özünü daha inamlı hiss edəcək. Bu, savaşın genişlənməsinə, daha təhlükəli fazaya daxil olmasına səbəb ola bilər.
Adı çəkilən ölkələrdən fərqli olaraq Avropa dövlətləri Ukraynanın nüvə silahı əldə etməsində maraqlı ola bilərlər. Çünki bu, müharibəni uzada bilər. Əvvəl də dediyimiz kimi, Avropa savaşın davam etməsini istəyir. Fikrimcə, indiki məqamda Avropa dövlətlərinin, o cümlədən Böyük Britaniyanın bu məsələni gündəmə gətirməsinin özü də destruktiv niyyətli addımdır. Və birbaşa olaraq intensivləşən danışıqlar prosesinə mane olmağa hesablanıb.Gələcəkdə də oxşar məzmunlu bəyanatların verilməsi gözləniləndir.
Nə qədər ki, müharibə davam edir rəsmi Kiyev nüvə silahına yiyələnə bilməyəcək. Gələcəkdə Ukraynanın nüvə silahına sahib olmaq barədə ambisiyası isə yeni gərginliyə səbəb ola bilər”.
//Gülnarə Abasova, Editor.az