“Avropanın enerji, iqtisadiyyat və taxıl təhlükəsizliyinin təminatında Orta Dəhlizin böyük əhəmiyyəti var”-ŞƏRHbackend

“Avropanın enerji, iqtisadiyyat və taxıl təhlükəsizliyinin təminatında Orta Dəhlizin böyük əhəmiyyəti var”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüssel platforması çərçivəsində keçirilən bütün görüşlərdə müzakirə edilən əsas mövzulardan biri də Ermənistanın zamanında Azərbaycana qarşı işğalçılıq, düşmənçilik və təcavüzkar siyasəti nəticəsində bloka salınmış nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasına hesablanıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib

Onun sözlərinə görə, kommunikasiyaların açılması rəsmi Bakı üçün ən prinsipial və qətiyyətli məsələlərdən biridir:

“Ermənistanın hələ də məsələlərə dekonstruktiv yanaşma tərzi və əldə edilmiş bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bu günə qədər həmin istiqamətdə ciddi uğur qazanmağa maneə yaradıb. Nəqliyyat və iqtisadi kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə riayət edib. İşğaldan azad edilmiş ərazilərimizdə yüzlərlə kilometr müasir standartlara cavab verən avtomobil yollarının, uzun tunellərin tikilərək istifadəyə verilməsi, 3 beynəlxalq standatlara cavab verən hava limanlarının tikintisi ilə bağlı proseslərin başlanması, Fizuli və Zəngilan hava limanının artıq istifadəyə verilməsi və bu istiqamətlərdə aparılan bütün işlər rəsmi Bakının bu məsələdə məqsədyönlü addımlar atdığından xəbər verir “.

Politoloq qeyd edir ki, Azərbaycan 10 noyabr bəyanatına əsasən 3 ilə tikəcəyi Laçın dəhlizinə paralel alternativ yolun tikintisini sadəcə bir il yarım müddətində başa çatdırdı:

” Bütün bunlar Ermənistanın bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə müsbət təsir göstərə bilməyib. Çünki rəsmi İrəvan qeyri-səmimidir, öz imzasına və fikirlərinə hörmətlə yanaşmır. Azərbaycanın keçmiş münaqişə ilə bağlı aparılan bütün müzakirələrdə siyasi leksikona daxil etdiyi əsas terminlərdən biri də Zəngəzur dəhlizi, nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması məsələsidir. Brüssel məhz bu məsələlərin müzakirə edilməsi üçün ən münbit və səmimi platformadır. Bu gün Avropa üçün Rusiya-Ukrayna müharibəsi fonunda Orta dəhlizin çox böyük əhəmiyyəti var.Avropanın enerji, iqtisadiyyat və taxıl təhlükəsizliyinin təminatında ən ciddi rollardan biri Orta dəhlizdir. Çünki Yuxarı dəhliz Rusiya-Ukrayna müharibəsi, Aşağı dəhliz isə İranın fəaliyyətləri nəticəsində qeyri-işlək vəziyyətdədir “.

//Safura Bənnayeva, Editor.az