Avstraliyanın ən çox təltif olunmuş keçmiş hərbçisi Əfqanıstanda müharibə cinayəti ittihamı ilə saxlanılıbbackend

Avstraliyanın ən çox təltif olunmuş keçmiş hərbçisi Əfqanıstanda müharibə cinayəti ittihamı ilə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın sağ olan ən çox medal sahibi keçmiş hərbçisi Ben Roberts-Smith Əfqanıstanda müharibə cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb.

Editor.az xəbər verir ki, Australian Federal Police (AFP) tərəfindən verilən açıqlamaya əsasən, 47 yaşlı Roberts-Smith Sidney hava limanında nəzarətə götürülüb.

Açıqlamada qeyd olunub ki, o, 2009–2012-ci illərdə Əfqanıstanda xidmət etdiyi dövrdə silahsız şəxsləri öldürməkdə ittiham olunur və beş epizod üzrə “müharibə cinayətləri çərçivəsində qətl” maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq. Bildirilib ki, bu ittihamlar üzrə maksimum cəza ömürlük həbsdir.

Rəsmi məlumata görə, aparılan araşdırmalar çərçivəsində ümumilikdə 53 iş açılıb. Onlardan 39-u üzrə kifayət qədər sübut tapılmadığı üçün istintaq dayandırılıb, 10 iş üzrə isə araşdırmalar davam edir.

Avstraliyada ən yüksək hərbi təltifə layiq görülmüş və 2013-cü ildə ordudan ayrılmış Roberts-Smith ölkənin ən çox mükafatlandırılmış keçmiş hərbçisi kimi tanınır.

Inspector-General of the Australian Defence Force (IGADF) daha əvvəl də Əfqanıstanda xidmət etmiş hərbçilərin müharibə cinayətləri törətməsi ilə bağlı iddiaları araşdırıb. Qurumun 2020-ci ilin noyabrında dərc etdiyi hesabatda 39 əfqan mülki şəxsin hərbçilər tərəfindən öldürüldüyü qeyd olunmuşdu.

Roberts-Smith 2023-cü ildə Əfqanıstandakı fəaliyyəti ilə bağlı yayılan ittihamlara görə bir sıra media qurumları və jurnalistlərə qarşı qaldırdığı böhtan iddiasını da uduzmuşdu.

//Gülnarə Abasova, Editor.az