AYAL Gənc Fəallar və Liderlər Birliyi gənclərin sosial fəallığını, liderlik bacarıqlarını və şəxsi inkişafını dəstəkləməyə yönəlmiş fəaliyyətlərini uğurla davam etdirir.
Cəmiyyətdə müxtəlif sahələrdə müsbət dəyişikliklərə imza atan fəalları və liderləri bir araya gətirən təşkilat, gənclərin potensialını üzə çıxararaq, daha ədalətli və inkişafyönümlü mühitin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub. AYAL dövlət, özəl və qeyri-kommersiya qurumları ilə əməkdaşlıq edərək gənclərin cəmiyyət həyatında fəal iştirakını təşviq edir. Forumlar, seminarlar, təlimlər və düşərgələr vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına, ideyalarının reallaşmasına şərait yaradılır.
Birliyin yadda qalan layihələrindən biri olan “İnkişaf üçün kənd gəncləri ilə birlikdə” adlı təşəbbüs 1 noyabr 2024-cü ildən 31 yanvar 2025-ci ilədək həyata keçirilib. Layihə İsmayıllı, Göyçay, Qəbələ və Lənkəran rayonlarının kəndlərini əhatə edib.
Layihənin əsas məqsədi kənd yerlərində yaşayan gənclərin sosial və emosional rifahını gücləndirmək, onların şəxsi inkişaf və karyera bacarıqlarını artırmaq, həmçinin əmək bazarına hazırlıqlarını dəstəkləmək olub. Təlimlər zamanı gənclərin stresin idarə olunması, özünüifadə və müsbət münasibət qurmaq kimi bacarıqları inkişaf etdirilib.
Tədris prosesində nəzəri biliklərin praktiki tətbiqinə diqqət yetirilib, məşğələlər qrup işləri, enerjiləndirici oyunlar, tematik fəaliyyətlər və sosial teatr tamaşaları ilə zənginləşdirilib. Sosial teatr vasitəsilə gənclər yaşadıqları icmalarda müşahidə etdikləri sosial problemləri səhnələşdirərək, onların həlli yollarını birgə müzakirə ediblər.
Nəticədə layihə iştirakçıları sosial həyatda daha fəal mövqe tutmaqla yanaşı, öz gələcək planlarını daha məqsədyönlü şəkildə formalaşdırıblar. AYAL Gənc Fəallar və Liderlər Birliyi hesab edir ki, bu kimi təşəbbüslər uzunmüddətli perspektivdə kənd gənclərinin daha məsuliyyətli, yaradıcı və cəmiyyət üçün faydalı fərdlər kimi yetişməsinə mühüm təsir göstərəcək.


