AYAL Gənc Fəallar və Liderlər Birliyi gənclərin bilik, bacarıq və liderlik potensialının inkişafına yönəlmiş sosial təşəbbüsləri ilə tanınır.
Birlik müxtəlif layihələr vasitəsilə gənclərin cəmiyyətə fəal inteqrasiyasına şərait yaradır.
AYAL-ın 2024-cü ilin iyun–avqust aylarında həyata keçirdiyi “Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsi Göyçay, Qəbələ və İsmayıllı rayonlarını əhatə edib. Layihənin məqsədi region gənclərinin şəxsi və peşəkar inkişafına dəstək vermək, onların əmək bazarına hazırlığını artırmaq və yeni peşə istiqamətləri barədə məlumatlandırmaq olub.
İki gün davam edən təlimlərdə gənclərin yumşaq və texniki bacarıqları, karyera planlaması, vaxtın idarə edilməsi, komanda işi, problem həlli və təqdimat bacarığı kimi mövzular interaktiv üsullarla öyrədilib. Sessiyalara oyunlar, qrup tapşırıqları və enercayzerlər daxil edilərək öyrənmə prosesi daha dinamik və maraqlı formada təşkil olunub.
Eyni zamanda, iştirakçılar üçün fərdi dəyərləndirmə testləri aparılıb, onların maraq və potensialına uyğun peşə sahələri müəyyənləşdirilib. Bu qiymətləndirmələr əsasında gənclərə fərdi inkişaf planları və gələcək karyera istiqamətləri barədə praktiki tövsiyələr verilib.
Layihə çərçivəsində texnologiyanın sürətli inkişafı fonunda yaranan yeni peşələr və rəqəmsal bacarıqlar barədə də geniş məlumatlar təqdim edilib. Nəticə etibarilə, təşəbbüs region gənclərinin bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarına və cəmiyyətə daha hazırlıqlı şəkildə inteqrasiyasına mühüm töhfə verib.


