Ötən həftələrdə hücuma məruz qalaraq ayaqlarından vurulan “Fənərbağça” və Türkiyə milli komandasının sabiq futbolçusu Serhat Akın Türkiyəni tərk etmək qərarına gəlib.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, ayağından yaralanan Akın iki dəfə əməliyyat olunub. Metatarsal sümüyünün parçalanması səbəbindən o, üçüncü dəfə əməliyyat masasına yatacaq və reabilitasiya prosesi başa çatdıqdan sonra Türkiyəni tərk edəcək, həmişəlik olaraq doğulub boya-başa çatdığı Almaniyaya qayıdacaq.
Serhatın ailəsi Almaniyanın Ştutqart və Karlsrue şəhərləri arasındakı bölgədə yaşayır və Akının övladları təhsillərini yaşadıqları yerdə davam etdirirlər. Serhatın atası da silahlı hücumdan sonra oğlundan Almaniyaya qayıtmasını və orada həyatını davam etdirməsini istəyib. Sabiq futbolçu da bu istiqamətdə qərar verib və bundan sonra həyatını Almaniyada davam etdirəcək.
Xatırladaq ki, idman şərhçisi olan sabiq futbolçu Serhat Akın sentyabrın 26-da saat 23:30-da “Fənərbağça”- “Union SG” matçının yayımından sonra proqramdan çıxarkən Beykoz rayonunda silahlı hücuma məruz qalmışdı. İki güllə onun sol ayağına, biri sağ ayağına olmaqla, üç güllə yarası almışdı.
Hücumla əlaqədar nəzarətə alınan altı şübhəlidən beşi tutularaq həbsxanaya göndərilib.