“Azərbaycan bununla xarici siyasətində heç bir təzyiqə boyun əyməyəcəyini bir daha sübut etdi”- ŞƏRHbackend

“Azərbaycan bununla xarici siyasətində heç bir təzyiqə boyun əyməyəcəyini bir daha sübut etdi”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 May – faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlə bağlı Moskvaya dəvət etməsi hər iki ölkənin siyasi dairələrində geniş müzakirə olunaraq iki ölkə arasında mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilir. Tədbirin həm yubiley tədbiri olması, həm də Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrə təsadüf etməsi elə Rusiyanın özü üçün də əhəmiyyətli olmasını şərtləndirir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, Qərb dövlətləri, xüsusilə ABŞ Faşizm üzərində qələbənin Rusiya tərəfindən qeyd ediləcəyinə ümid bəsləmirdilər:

“Çünki onlar tezliklə Rusiyanın məğlub olacağını, onun qələbə paradı keçirməyə imkanı olmayacağını proqnozlaşdırırdılar. Amma gözlənilənin tam əksinə şahid oluruq. Rusiya bu hadisədən bütün dünyaya ayaqda olduğunu, daha geniş ambisiyalarla hərəkət etdiyini elan etmək üçün istifadə etməyə cəhd edəcək.

İlham Əliyevin bu tədbirə xüsusi qonaq kimi dəvət olunması da iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağ kimi qiymətləndirilir. Son hadisələr fonunda iki ölkə arasında münasibətlər müəyyən soyuma ilə müşayiət olunsa da tərəflərdən heç birinin əlaqələri daha da uzaqlaşdırmaq niyyətində olmadığını göstərdi. Rusiya nə qədər ciddi – cəhdlə Azərbaycanın haqlı tələbinə olumlu cavab vermək istəməsə də sonda bununla razılaşmalı oldu. Görünür, tərəflər münasibətlərin qırılma nöqtəsinə çatmadan həll yolunu tapa bildilər. Moskvada baş verəcək görüşlərdən sonra isə münasibətlərin əvvəlki inkişaf mərhələsinə qədəm qoyacağı heç kimdə şübhə saxlamır”.

Əlimusa İbrahimov sonda qeyd edib ki hadisələrin müsbət istiqamətdə inkişafı hər iki ölkənin dostluq-əməkdaşlıq şəraitində yaşamaqdan başqa alternativlərinin olmadığını bir daha ortaya qoydu: “Amma Azərbaycan xarici siyasətində heç bir təzyiqə boyun əyməyəcəyini bir daha sübut etmiş oldu”.

//Gülnarə Abasova, Editor.az