“İran-İsrail müharibəsinin başlama ehtimalı belə region dövlətlərini çox ciddi ssenari ilə üz-üzə qoyur. Sözdə İran-İsrail müharibəsi adlandırılsa belə bu, İran -İsrail müharibəsindən daha çox İran Qərb və Amerika müharibəsi olacaq. Elə Rusiya-Ukrayna müharibəsi kimi hamı bilir ki, Rusiya Ukrayna ilə deyil, Ukrayna adı altında bütün NATO ölkələri ilə müharibə aparır. İran-İsrail müharibəsi də belə olacaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, İsrailin arxasında bütün NATO ölkələri İrana qarşı öz güclərini sınaqdan keçirəcəklər:
“Məhz buna görə də Rusiya-Ukrayna müharibəsi bütün region dövlətlərini öz caynağına aldığı kimi İran-İsrail müharibəsi də bütün dövlətlərə təsir edəcək. İranın yaxın qonşusu, İsrailin strateji əməkdaşı olan Azərbaycan üçün isə ikiqat çətin olacaq. Qonşuda gedən müharibə heç zaman heç kimə xeyir gətirməyib və Azərbaycan da istisna deyil.
Qərb məqsədyönlü şəkildə siyasi səhnədə Azərbaycana edə bilmədiklərinin əvəzini İran-İsrail müharibəsi vasitəsi ilə çıxa bilər. Azərbaycan istənilən halda hadisələrin gedişinə hazır olmalı, sərhədlərində nəzarəti gücləndirməlidir. Unutmaq olmaz ki, Qərbin Rusiya və Azərbaycana qarşı regionda Ermənistan kimi ciddi bir aləti var. Bu alət daim bizim nəzarətimiz altında olmalıdır ki, düşmənlərimiz onda bizə qarşı istifadə etməyə cəhd etməsinlər”.
//Gülnarə Abasova, Editor.az