“Vətən müharibəsinin başa çatmasından üç ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər Ermənistan birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Eyni zamanda, rəsmi İrəvan ərazi bütövlüyünü tanıdığı Azərbaycanın Qarabağ bölgəsindən öz silahlı dəstələrini çıxartmır və ərazilərimizə keçmək üçün Laçın yolunu seçməklə rəsmi Bakıya qarşı həm təzyiqlərini, həm də ərazi iddialarını davam etdirir”.
Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəmələrinə münasibət bildirərkən deyib
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla şərti sərhəddə silahlı birləşmələrin konsentrasiyasını artırması, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə geniş mühəndis-istehkam işlərinin başlaması Azərbaycana növbəti erməni təxribatlarına hazırlaşmaq üçün ciddi əsaslar verir: “Rəsmi İrəvana sülh lazım deyilsə, bu Azəbaycana da lazım deyil. Əgər Ermənistan sülhün alternativi olan müharibə yolunu seçirsə, deməli rəsmi Bakı da eyni varianta əl atmalıdır. Proseslər onu göstərir ki, İrəvan regionda sülhün və təhlükəsizliyin əldə olunmasında maraqlı deyil. Sərhəddə və Qarabağ ərazisində 17 dəfə məğlubiyyətə düçar olan Ermənistan öz fəaliyyətləri barədə çox ciddi korreksiyalara yol verməlidir. Əks halda rəsmi İrəvanın cəzalanması, revanşist niyyətlərə düşən Paşinyan komandasının və onun havadarlarının çox ciddi itkilərə məruz qalması ilə nəticələnəcək “.
//Safura Bənnayeva, Editor.az