Azərbaycan Türk dövlət başçılarını Qarabağa, böyük zəfərin zirvəsi olan Şuşaya toplamaqla…-TƏHLİLbackend

Azərbaycan Türk dövlət başçılarını Qarabağa, böyük zəfərin zirvəsi olan Şuşaya toplamaqla…-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, iyulun 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.

Olduqca səmərəli, məhsuldar, dostluq və qardaşlıq atmosferində keçən görüşün yekunu olaraq, gələcəkdə tarix dərsliklərinə salınacaq Qarabağ bəyannaməsi imzalanıb. Bəyannamədə türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulanıb. Birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin sənəddə xüsusi olaraq vurğulanması diqqəti daha çox cəlb edir. Ticarət həcmini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına diqqət yetirməklə dayanıqlı inkişafın təşviq edilməsi, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətinin artırılması, rəqəmsal hökumət (e-Hökumət) infrastrukturlarının daha da inkişaf etdirilməsi üzrə türk dövlətləri arasında əməkdaşlıq və mübadilələrinin aparılması və s. də Bəyannamədə əksini tapan əsas müddəalardandır.
TDT başçıları iqtisadi məsələlərlə ysanaşı, bir sıra qlobal beynəlxalq problemlərə da münasibət bildiriblər. Qəbul olunmuş yekun sənəddə xüsuslə Qəzzada baş verən humanitar fəlakət vəziyyətinə görə dərin narahatlıq ifadə olunur, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsi, o cümlədən 1967-ci il sərhədlərinə uyğun paytaxtı Şərqi Qüds olmaqla suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınmasına dəstək ifadə olunub.

Bəli, bir zamanlar əlçatmaz kimi görünən, bəzi hallarda hətta şair və yazıçıların poetik düşüncə tərzi kimi qələmə verilən arzu və xəyallar bu gün gerçək olur. Türk xalqlarının əsrlərdən bəri ürəklərində ürkək-ürkək bəsləyib böyütdükləri mənəvi birlik, bu gün dünyanın gözü qarşısında, qlobal siyasi müstəvidə böyük iqtisadi və siyasi birliyə çevrilməkdədir. Tam əminliklə deyə bilərik ki, sabah bu xalqların və dövlətlərin NATO tipində hərbi birliyinin yaradılması da artıq heç kəsi təəccübləndirməyəcək. Çünki bu qarşısıalınmaz, təbii bir prosesdir və onun sürət götürməsində bütün türk dövlətlərinin, xüsusilə də Azərbaycanın və onun liderinin önəmli rolu var. Azərbaycan 44 günlük müharibədə parlaq zəfər qazanaraq, türk xalqlarının gücünü və özünəinamını geri qaytardı. Azərbaycan Türk dövlət başçılarını Qarabağa, böyük zəfərin zirvəsi olan Şuşaya toplamaqla həm türkün dostlarına, həm də düşmənlərinə bir növ mesaj göndərdi: Türk əsri artıq başlayıb.

Gözün aydın Azərbaycan!
Gözün aydın, Türk dünyası!

Fərid Şahbazlı

Siyasi şərhçi