Azərbaycanda tədrisin distant forması yaradılır: ” Xarici ölkələrdə alınan distant təhsil diplomları da tanınmalıdır”backend

Azərbaycanda tədrisin distant forması yaradılır: ” Xarici ölkələrdə alınan distant təhsil diplomları da tanınmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Naziri Emin Əmrullayev dünən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimində bildirib ki, Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür:

“Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Əgər bunu edəcəyiksə, dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük”.

Mövzu ilə bağlı Editor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda 2009-cu ildə “Təhsil haqqında” qanunda distant təhsil forması nəzərdə tutulsa da illərdir, onun texniki imkanları tətbiq edilməyib:

“Bu illər ərzində kifayət qədər azərbaycanlı gənc xarici ölkələrdə distant formada təhsil alıb, ancaq onların diplomlarının tanınmasında ciddi problem var. Bu problem bu cür davam etməməlidir. Ona görə ki, bu insanların təhsilalma hüquqları tapdanır. Biz bilirik ki, 2020-ci ilin martından etibarən pandemiya səbəbindən ali və orta təhsil müəssisələrində,  orta məktəblərdə distant formada tədrisin təşkilinə məcbur olduq. Ona görə də özümüz bu xidməti göstərdiyimiz halda bu formada təhsil alan şəxslərin təhsil diplomlarının tanınmaması ciddi bir problemdir. Sistem sadələşdirilməlidir, xarici ölkələrdə distant  təhsil alan şəxslərin mütləq şəkildə diplomları Azərbaycanda tanınmalıdır. Ancaq bunun mexanizmi var. Hal-hazırda isə həmin şəxslərin hansı müddət ərzində distant təhsilə qoşulmasını yoxlamaq mümkün deyil”.

Təhsil eksperti distant təhsillə qiyabi təhsilin fərqləndiyini diqqətə çəkib:

” Distant təhsil əyani təhsil formasıdır və bütün proqram 4 il ərzində başa çatdırılır. Qiyabi şəkildə xarici universitetlərdə təhsil aldıqda gediş-gəlişi Sərhəd Xidmətinə sorğu ilə yoxlamaq mümkündür. Amma distant təhsil alan şəxslərin hansı müddət ərzində dərs prosesində iştirak etməsi, necə qiymətləndirilməsini yoxlamaq isə mümkün deyil. Biz yekunda həmin şəxsin diplom üzrə əldə etdiyi ixtisas biliklərini yoxlaya bilərik. Hal-hazırda proqram təminatı əsasında həmin şəxslərin nə qədər distant təhsil platformasından istifadə etdiyi, hansı resursları nə qədər mənimsədiyi yoxlanılmalıdır. Hesab edirəm ki” Ali təhsil haqqında” qanun qəbul edildikdən sonra bu məsələ də öz həllini tapacaq. Çünki kifayət qədər insan bu problemi yaşayır. Xaricdə distant təhsil alan şəxslər özəl sektorda işləyirlərsə, onların diplomlarının tanınmasına ehtiyac yoxdur. Onlar əgər təhsillərini Azərbaycanda magistratura pilləsində davam etdirmək və ya  dövlət qulluğunda çalışmaq fikrindədirlərsə, o zaman onların diplomlarının tanınmasına ehtiyac var. İnanıram ki,  yaxın vaxtlarda distant təhsil almağımız ölkədə keyfiyyətli təhsil xidmətlərinin göstərilməsinə öz müsbət təsirini göstərəcək”.

//Gülnarə Abasova, Editor.az