Azərbaycanın daha bir “siyasi imtahanı”-Qazanan kim oldu?backend

Azərbaycanın daha bir “siyasi imtahanı”- Qazanan kim oldu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərinin ilkin nəticələri bəlli olar-olmaz paytaxt Bakıda və bölgələrdə bayram sevinci yaşanarkən, Ali Baş Komandan İlham Əliyevin ünvanına da yaxın-uzaq ölkələrdən təbriklər yağmağa başladı. Avropadan Asiyaya, Yaxın və Uzaq Şərqdən Afrika və Amerika qitəsinə qədər hər yerdən dünya liderləri uğurlu, demokratik və şəffaf seçkilərə görə, dövlətimizin başçısını səmimi sözlərlə təbrik edir, Azərbaycanla dostluq və qonşuluq münasibətlərinin inkişaf etdirilməsində arzularını ifadə edirlər.

Çoxsaylı təbrik məktubları arasında şübhəsiz ki, bəziləri xüsusi diqqət çəkməyə bilməz.

Nəticələrin açıqlanmağa başladığı ilk saatlarda Türkiyə Cumhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğanın təbriki xoş və çətin günlərimizdə daim yanımızda olan qardaş ölkənin Azərbaycana olan növbəti səmimi və vacib dəstəyinin təzahürü idi. Ərdoğanın təbrik məktubunda iki qardaş ölkə arasında ciddi siyasi-hərbi əməkdaşlığı ehtiva edən “Şuşa Bəyannaməsi”nə diqqət çəkməsi seçkilərdən sonra Azərbaycanla Türkiyə arasında münasibətlərin keyfiyyətcə yeni tarixi mərhələyə qədəm qoyacağının mühüm bir anonsudur.

Bu gün artıq dünyanın yalnız iqtisadi deyil, həm də siyasi güc mərkəzlərindən biri olan, yeni dünya düzəninin beynəlxalq münasibətlər sistemində həlledici rola malik Çin lideri Si Çinpin təbriki də Azərbaycana və İlham Əliyevin qələbəsinə münasibətdə xüsusi diqqət cəlb etməyə bilməz.

Prezident İlham Əliyevi ilk təbrik edən dünya liderlərindən olan Si Çinpin artıq bütün dünyanın əməkdaşlıq üçün can atdığı Çinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini ön plana çəkib: “Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm”

Rusiya prezidenti Vladimir Putin isə təbrikində Prezident İlham Əliyevin şəxsi nüfuzuna diqqət çəkərək, onun regional və beynəlxalq diplomatik münasibətlər sistemində xüsusi nüfuza malik olduğunu qeyd edib. Hazırda bütün dünyanın dil tapmağa çalışdığı Rusiya liderinin təbrik məktubunda İlham Əliyevin həmvətənlərimiz və ölkə xaricində böyük hörmətə malik olmasını xüsusi qeyd etməsi dövlət başçımızın diplomatik müstəvidəki əhəmiyyətli daha bir təsdiqidir.

İlham Əliyevin ünvanına Türk dünyası ölkələrindən gələn təbriklər də mühüm əhəmiyyətə malikdir. Sürətlə dünyanın ciddi iqtisadi və siyasi güc mərkəzlərinə çevrilən, yeni geosiyasi konfiqurasiyada həlledici rola malik olacaq Qazaxstan prezidenti Qasım-Comərd Tokayev, Özbəkistan lideri Şavkat Mirziyayev və digər Mərkəzi Asiya regionu liderlərinin təbriklərində də Azərbaycanla yaxın siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək istəkləri ön plana çıxarılır. Onlar öz təbriklərində ölkələr arasında münasibətlərin inkişafında Prezident İlham Əliyevin şəxsi roluna xüsusi diqqət çəkirlər.

Şübhəsiz ki, bütün bu təbrik və əməkdaşlıq mesajları ölkəmizdə keçirilən və 90 minə qədər müşahidəçi tərəfindən izlənilən seçkilərin demokratik və şəffaf keçirilməsinin beynəlxalq səviyyədə təsdiqidir.

Bəli, Azərbaycan xalqı və dövləti 7 fevralda daha bir demokratiya imtahanından uğurla keçdi. Seçkilərlə bağlı uzaqgedən çirkin planlar quranların, Azərbaycanın xalqının siyasi iradəsinin görməzdən gəlməyə həvəslənən bəzi dövlətlərin, siyasətçilərin və üzdəniraq haqq-hüquq “müdafiəçiləri”nin həvəsləri isə “qursaqlarında qaldı”.

Azərbaycan xalqı seçkilərdə böyük fəallıq nümayiş etdirərək bu hadisəni bir siyasi proses olmaqdan çıxarıb, əsl Zəfər seçkisinə, ümumxalq qələbə bayramına çevirməklə bu xain dairələrə yerini göstərdi.

Bir sözlə, dünən döyüş meydanında ən güclü dövlətlərə belə hərb sənətindən dərs keçən Azərbaycan bu seçkilərlə həmin dövlətlərə demokratiya dərsi keçə bildiyini də sübut etdi.

Fərid Şahbazlı
Siyasi şərhçi