Az bal toplayan abituriyentlər niyə intihar edir?- “Onları bu yola sürükləyən valideynləridir” backend

Az bal toplayan abituriyentlər niyə intihar edir?- “Onları bu yola sürükləyən valideynləridir” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə bu ilin abituriyentlərindən biri az nəticə əldə etdiyi üçün kənar təsirlərə, xüsusilə də valideynlərinin təsirinə məruz qalıb. Atası hətta qızının intihar etməsinə çağırıb. Ümumiyyətlə ölkəmizdə hər il az bal toplayan bir neçə abituriyentin intihar etdiyinin şahidi oluruq.

Sosioloq Lalə Mehralı Editor.az-a bildirib ki, belə hallarda valideynlər yeniyetmə övladının anidən hərəkət edə biləcəyi ehtimalını göz önünə gətirmir:

“Nəzərə alınmır ki, abituriyent yaşı insanın ən kritik yaş dövrüdür. Həm yeniyetməlik dövrünün düşüncə tərzi, həm də imtahanın verdiyi stress onları bəlkə də heç bir zaman etməyəcəkləri bir yola sürükləyir. Valideyn övladına robot kimi yanaşmamalıdır. Artıq valideynlər övladının balı ilə öyünməməlidir. Çox təəssüf ki, bəziləri anlamır ki, uşaqlarımız bizim mülkümüz, əmlakımız, əşyamız deyil. Onların üzərində istədiyimiz qədər hökmranlıq edə bilmərik. Universitetə sənəd vermək vermək yaşında olan şəxs artıq yetişkin fərddir və onlar azad düşüncə sahibidir. Həmin şəxslər başa düşürlər ki, universitetə qəbul olmasalar onları olduqca çətin növbəti hazırlıq ili gözləyir. Ona görə də hesab edirəm ki, abituriyentlər özləri hər bir çətinliyin məsuliyyətin fərqində olur. Lakin onların özündən aslı olmayan səbəblər, texniki səhvlər, yolunda getməyən problemlər  lazımi qədər bal yığmasına əngəl olur. Bunu onlara dünyanın sonu kimi aşılamaq olmaz”.

Sosioloq qeyd edib ki, dünya təcrübəsində universitetə qəbul olmayan abituriyentlər özlərinə uyğun başqa peşə seçir və öyrənir:

“Məsələn, kollecə, peşə məktəblərinə, kurslara üz tuturlar. Universitetə qəbul olmadıqda hansısa peşəyə yiyələnirlər. Təəssüf ki, ölkəmizdə ali məktəbə qəbul ola bilməyən abituriyentlərin əksəriyyətinin seçimi yalnız intihar olur. Bu belə davam edə bilməz. Sonda bizi hansı xaos gözləyir, onu valideynlər düşünsün. Ona görə də valideynlərlə daha çox işləmək, onları bu istiqamətdə maarifləndirmək lazımdır. Övladı oxumayan valideynlər özlərini yarımçıq hesab etməməlidir. Övladlarımız bizim yarımçıq qalmış arzularımızın davamçısı olmağa məcbur deyil”.

//Gülnarə Abasova, Editor.az