Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan cinayət və inzibati xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklərlə bağlı Editor.az-a danışan tanınmış hüquqşünas, professor Fərhad Mehdiyev bildirib ki, bu dəyişikliyin müsbət effekt verəcəyini düşünmür:
“Böyük ehtimalla, dəyişikliyə səbəb dünyada gedən trendə uyğun olaraq istehlak miqdarını keçməyən narkotik və psixotrop maddələrə görə, məsuliyyəti aradan qaldırmaqdır ki, bu, heç kəs tərəfindən sui-istifadələrə də səbəb olmasın. Yeni layihəyə görə, istehlak miqdarında olan narkotik və psixotrop maddələrə görə məsuliyyət yaranmayacaq. Amma düşünürəm ki, bu insanların narkotikə meyl etmələri üçün daha münbit şərait yaradacaqdır”.
//Gülnarə Abasova, Editor.az

