Azad edilən torpaqlarımızın iqtisadi qalxınma planı – Bundan ötrü hansı maliyyə mənbələrimiz var?backend

Azad edilən torpaqlarımızın iqtisadi qalxınma planı – Bundan ötrü hansı maliyyə mənbələrimiz var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünüməşğulluq proqramı Azərbaycan Ordusunun bu günlərdə işğaldan azad etdiyi ərazilərdə də geniş vüsət alacaq, həmin ərazilərdə sosial-iqtisadi quruculuğun və inkişafın təmin edilməsinə öz töhfəsini verəcək.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının missiyası ilə onlayn görüşdə bildirib.

Baş iqtisadçı Maddalena Honorati, Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Sara Maykl, sosial müdafiə üzrə baş mütəxəssis Mirey Ovadiya və digərlərinin iştirak etdiyi onlayn görüşdə Ermənistanın təxribatları və dinc insanlara qarşı hərbi cinayətləri haqqında məlumat verən nazir, zərərçəkənlər və qurbanlar haqqında da danışıb, həmçinin ordumuzun uğurlu əks-hücum əməliyyatları, ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin işğaldan azad edilməsi istiqamətində əldə etdiyi zəfərlər barədə də məlumat verib.

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan özünüməşğulluq proqramından bəhs edən nazir bu proqramın ölkədə aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaratdığını deyib. O, cari ildə 12 min ailənin bu proqramın dəstəyi ilə öz kiçik ailə müəssisələrini yaratmaları üçün aparılan işləri qeyd edib.

İlham Əliyev intihar hadisəsinin araşdırılmasını əmr edib

Bildirib ki, özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndini də əhatə edib. Bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan, qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilən həmin kənddə 60-dək ailə bu proqrama cəlb olunub. Habelə cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramının əhatə dairəsi ildən-ilə genişlənir.

S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin önəmini vurğulayıb. Layihə üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasının, eyni zamanda məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstəyin verilməsinin və s. nəzərdə tutulduğunu deyib.

Bəs görəsən, ümumilikdə azad edilmiş ərazilərdə həm yaşam  şəraiti və infrastrukturun qurulması , həm də həmin bölgələrin iqtisadiyyata inteqrasiyası, inkişaf etdirilməsi üçün hansı işlərin görülməsinə ehtiyac var və bu “Yol xəritəsi” nələri əhatə etməlidir?

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov vurğuladı ki, ümumilikdə , həm post-müharibə, həm də post-pandemiya dövründə fundamental məsələ Azərbaycan iqtisadiyyatının mümkün qədər liberallaşdırılmasıdır: “Bölgə ilə bağlı xarici investorların və beynəlxalq humanitar təşkilatların iştirakçılığı ilə  infrastruktur formalaşdırılmalıdır. Bunlar ilk olaraq atılmalı addımlardır. Əgər biz həmin bölgədə sülhün təmin olunmasına və sabitliyin bərqərar olmasına tam əminliklə zəmanət verə bilsək, bölgəyə kifayət qədər xarici investorun marağını cəlb edə bilərik. Bu özü də regionun inkişafı baxımından , infrastrukturun təkmilləşdirilməsi, müəssisələrin qurulması , iqtisadiyyatın, dəyər zəncirinin bütün halqalarında iştirakçılığın təmin edilməsi, məşğulluğun yaradılması üçün kifayət qədər ciddi əsaslar və imkanlar yaranacaq ki, hökumətin yükünün azadılması baxımından əhəmiyyətli məqamlardan biridir”.

İqtisadçının fikrincə, həmin bölgələrin də Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatqısı olacaq: “Bunu hər kəs bilir. İqtisadi baxımdan kifayət qədər məhsuldar bölgələrimiz 30 ildir işğal altındadır. Turizm aspektindən, kənd təsərrüfatı aspektindən, mədən sənayesi aspektindən kifayət qədər əhəmiyyətli ərazilərin Azərbaycanda olması, Azərbaycan iqtisadiyyatına qazandırılması bu bölgələrdə cəlbediciliyi təmin edən faktor rolunu oynayacaq. İlk olaraq tam zəmanətin təmin edilməsi, sabitliyin bərqərar edilməsindən sonra mərhələli şəkildə innovasiyaya əsaslanan və müasir çağırışlara uyğun, yaşıl iqtisadi konsepsiyanı özündə əks etdirən modeldən istifadə etməliyik. Yaxşı olar ki, həmin bölgələrdə bir neçə və ya bir böyük Azad İqtisadi Zona qurulsun. Azad zonanın yaradılması oraya xarici investisiya axınını gücləndirməklə bölgələrdə iri güclərin maraqlar konfliktini yaratmaq olar. Bu özü də uzunmüddətli dövrdə Qarabağın və Azərbaycanın ərazi bütövlüyününü təminatı rolunu oynaya bilər. Məsələyə bu aspektdən də yanaşmaq lazımdır. Müasir təşviq metodlarından istifadə, sənaye məhəllələri və sənaye parklarının yaradılması, həmin bölgələrdə məskunlaşma ilə və hətta məşğulluqla bağlı tələbi formalaşdırmaq üçün digər bölgələrlə müqayisədə nisbi üstünlüyün təmin edilməsi mümkündür. Azərbaycan da bunun nümunələri var. Ucqarlarda yaşayanların əməkhaqqı ilə digərləri fərqlidir. Gürcüstanda bənzər mexanizmlər var ki, ucqarlarda yaşayanlara qaz, elektrik enerjisi daha aşağı qiymətə satılır. Bunu Qarabağda təmin etməklə həmin ərazilərdə sürətli məskunlaşmanı təmin etmək olar”.

R.Həsənov onu da vurğuladı ki, sülhə və təhlükəsizliyə zəmanət verilərsə, çox böyük işlərin görülməsi üçün imkanlar var: “Ancaq beynəlxalq təşkilatların iştirakı ilə sabitliyə və sülhə zəmanətin əldə edilməsi ən vacib faktorlardan biri olacaq. Digərləri artıq mərhələli şəkildə öz həllini tapacaq. Artıq müasir çağırışlar dəyişib,  Azərbaycan da buna uyğunlaşmaq istiqamətində addımlar atır. Artıq tik, idarə et  və təhvil ver prinsipi işləyir. Dövlət–özəl əməkdaşlığı modeli dünyada geniş inkişaf edib və Azərbaycana da çatıb. Azərbaycan həmin bölgələrdə daha çox bu model üzərində işləməlidir. Dövlət çalışmalıdır ki, burada əsas tərəfdaşlar xarici investorlar, böyük maliyyə koorporasiyaları olsun. Bu həm də orada güvəni, xarici kapital axını trendinin formalaşmasını  artıracaq”.

Ekspertin sözlərinə görə, azad edilən ərazilərdə infrastrukturun yaradılması üçün ölkənin daxili maliyyə imkanları da yetərincədir: “Azərbaycanda müəyyən imkanlar var. Sülh tam bərqərar olduqdan sonra biz dövlət büdcəsinin 15-20 faizini müdafiə xərclərinə ayırmaq məcburiyyətində qalmayacağıq. Bu xərclərin əhəmiyyətli hissəsini, məcburi köçkünlərin saxlanılması ilə bağlı olan maliyyə yükünü azad olunan torpaqlarda infrastrukturun qurulmasına yönləndirmək olar. Dövlət Neft Fondunun aktivlərinin bir qismini həmin ərazilər üçün yönəltmək mümkündür. Ölkənin digər bölgələrində artıq infrastrukturun qurulması prosesi başa çatıb. Bundan sonra bizim əsas infrastruktur xərclərimiz Qarabağa yönəldilə bilər ki, qısa müddət ərzində bu problem həll ola bilər. Ancaq yaxşı olar ki, bu prosesdə xarici kapitaldan və özəl investisiyadan istifadə edilsin. Daha uğurlu və güvənli model ola bilər. Yaranan maliyyə risklərini də əvvəlcədən kompensasiya edə bilərik”.

Dünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır

Beynəlxalq maliyyə qurumlarına gəlincə, R.Həsənov bildirdi ki, Azərbaycan onlar üçün uğurlu tərəfdaşdır: “Azərbaycan Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bugünə qədər yetərincə əhəmiyyətli layihələrin maliyyələşməsini uğurla başa çatdırıb. Bu mənada Azərbaycan kifayət qədər uğurlu tərəfdaşdır. Resurslarımız var, onu satmışıq və heç kimə borclu qalmamışıq. O vəsaitlərin necə xərclənməsi başqa məsələdir. Ancaq xarici donorlara qarşı etibarlı tərəfdaş olmuşuq. Onlar çoxlu layihələr çərçivəsində Azərbaycana kifayət qədər əhəmiyyətli səviyyədə vəsaitlər ayırıblar. Biz bu resurslardan kifayət qədər istifadə etməliyik, onların bölgədəki fəaliyyətini asanlaşdırmalıyıq, onları bölgədəki prosesə cəlb etməliyik. Bu prosesə BMT-nin ayrı-ayrı strukturlarını cəlb etmək mümkündür. BMT-nin zad olunmuş ərazilər üçün ilkin mərhələdə tətbiq olunan, hətta maliyyə dəyəri təxminən 5 milyard dollar ətrafında olan  bir layihəsi olub. O layihənin aktivləşdirilməsi, gündəmə gətirilməsi, bu vəsaitlərdən bölgənin   infrastruktunun qurulması, minalardan təmizlənməsi, hərbisizləşdirilməsi üçün istifadə olunması istiqamətində addımlar böyük ehtimalla atılacaq. Bu gün imkanlar genişdir. Əsas məsələ bölgədə sülhün təmin olunmasıdır, təhlükəsizlik modelinin ortaya qoyulmasıdır. O model tapıldısa, iqtisadi proseslər qısa müddətdə öz həllini tapacaq”.

//musvat.com