Azad Rəhimov vəfat edibbackend

Azad Rəhimov vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə məlumat paylaşıb.

Nazir bir müddətdir ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.

Rəhimov Azad Arif oğlu 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Bakı şəhərində, 134 saylı məktəbdə orta təhsil alıb.

1981-1986-cı illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.

1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.

Mərhumun bir övladı var.

Allah rəhmət eləsin!