“Azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı üçün qanunvericilik baxımından lazımi bütün işlər görülüb”-ŞƏRHbackend

“Azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı üçün qanunvericilik baxımından lazımi bütün işlər görülüb”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat 1992-ci ildə qəbul olunub”.

Bu sözləri Editor.az-a azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi ilə bağlı danışarkən millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki, sözügedən istiqamətdə bir çox qanunlar qəbul edilib, işlər görülüb: “Nəhayət 2023-cü ildə rəqabət məcəlləsinin qəbul edilməsi bu istiqamətdə görülən işlərə dəstək verəcək, haqsız rəqabəti aradan qaldıracaq.

2023-cü ildə bir sıra mühüm qərarlar qəbul edilib ki, bunlar hamısı liberal iqtisadiyyatın inkişafına müəyyən təsirlər göstərəcək. Yəni azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı üçün qanunvericilik baxımından lazımi bütün işlər görülüb. Artıq bu işlərin icrasına daha dəqiq nəzarət mexanizmi həyata keçirilməlidir”.

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb:

“Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi ilə bağlı 2023-cü ildə bir sıra işlər görülüb. Bunlardan birincisi rəqabət məcəlləsinin qəbul olunmasıdır. Çünki 2006-cı ildən bəri 17 il ərzində donmuş vəziyyətdə qalan məcəllə nəhayət bu il qəbul olundu və 2024-cü ildən qüvvəyə minəcək. Bu faktın özü artıq ciddi bir addım deməkdir. Həmçinin 2022-ci ilin sonunda azad sahibkarlıq haqqında qanun təsdiqləndi. Azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşdırılması üçün mühüm addımlar atılır. Lakin liberal iqtisadiyyat üçün yenə də görüləcək işlərə ehtiyac var. Çünki müəyyən istiqamətlərdə dövlətin yükünün azaldılmasına böyük ehtiyac var.

Azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşdırılması üçün atılmalı olan addımlardan biri də məhz dövlətin iqtisadiyyatda olan rolunun mümkün qədər azaldılmasıdır. Bu həm dövləti məsuliyyətdən azad edir, eyni zamanda azad sahibkarlıq və liberal iqtisadiyyatı təşviq edir. Düzdür, hazırki vəziyyətdə birbaşa buna keçid çətin olardı. Çünki Azərbaycanda mövcud iqtisadi durum buna imkan vermir. Bu baxımdan da mütləq şəkildə dövlət bəzi istiqamətləri öz nəzarəti altında saxlamalıdır”.

Səbinə Hüseynli, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.