1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə seçkilərin təbliğat mərhələsi tam gücü ilə davam edir. Təbliğat müddətində bir sıra dairələr üzrə yeni və iddialı deputatlığa namizədlərin təşviqat kampaniyası diqqət çəkir. Editor.az xəbər verir ki, namizədlər arasında ciddi rəqabətin müşahidə edildiyi və bütün ölkənin diqqət mərkəzində olan dairələrdən biri də 122 saylı seçki dairəsidir.
Bu dairədən ümumilikdə altı nəfər namizədliyini irəli sürsə də, Xankəndidə seçkinin iki əsas favoriti var. Editor.az xəbər verir ki, yerdən gələn məlumatlar və seçicilər arasında aparılan sorğular göstərir ki, 122 saylı seçki dairəsində əsas rəqabət hazırki bitərəf deputat Tural Gəncəliyevlə hakim Yeni Azərbaycan Partiyasının namizədi Xocalı rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədovun arasında gedəcək.
Tural Gəncəliyevin 4 illik deputatlıq fəaliyyətinin bir o qədər uğurlu olmadığını nəzərə alsaq, Xankəndi seçicilərinin hakim Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədovu dəstəkləyəcəyi şübhə doğurmur. O, Qarabağ müharibəsində könüllü iştirak edib və II dərəcəli əlilidir.
//Editor.az