“Azdrama”da iclas zamanı baş verən qalmaqalın TƏFƏRRÜATIbackend

“Azdrama”da iclas zamanı baş verən qalmaqalın TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sözügedən gərginlik iki aktyor arasında rolların müzakirəsi zamanı yaranıb.”

Bunu Oxu.Az-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

“Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.

Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Yəni sırf yaradıcılıqla bağlı bir məsələ olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda üç tamaşanın məşqi aparılır”, – deyə C.Zeynallı vurğulayıb.

“Kənardan gələn aktyorlara görə dava düşməsi məsələsi doğru deyil”.

Bunu Oxu.Az-a açıqlamasında Akademik Milli Dram Teatrının (“Azdrama”) aktyoru, Xalq artisti Sabir Məmmədov deyib.

“Bədii Şuranın iclası idi, yüngül mübahisə düşdü. Sənətlə bağlı, tamaşa ilə bağlı mübahisə idi. Biz də mübahisənin böyüməsinə imkan vermədik. Başqa nəsə ciddi bir şey olmayıb. Hazırda da məşqdəyəm və belə bir xəbərin çıxmasından indi xəbər tuturam”, – deyə S.Məmmədov bildirib.

“Akademik Milli Dram Teatrından prokurorluğa rəsmən belə bir müraciət daxil olmayıb”.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən verilib.

“Məsələ nəzarətdə saxlanılır. Gün ərzində müraciət daxil olarsa, aidiyyəti üzrə baxılacaq”, – deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Akademik Milli Dram Teatrının (“Azdrama”) səhnə arxasında əlbəyaxa dava baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya sözügedən teatrın aktyorları məlumat veriblər.

Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, “Azdrama”ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

Bildirilib ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

Xalq artisti Əli Nur baş verən hadisə ilə prokurorluğa şikayət edib. Hadisə araşdırılır.