Azərbaycan ABŞ üçün niyə əsas strateji tərəfdaşa çevrilir?-ŞƏRHbackend

Azərbaycan ABŞ üçün niyə əsas strateji tərəfdaşa çevrilir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan–ABŞ münasibətləri son aylarda bölgədə formalaşan yeni geosiyasi reallıqlar fonunda daha strateji məzmun qazanmaqdadır. Xüsusilə Vaşinqtonun Xəzər hövzəsində enerji təhlükəsizliyi və regional sabitlik məsələlərinə artan diqqəti, Bakı ilə əməkdaşlığın yenidən prioritetlər sırasına daxil olduğunu göstərir. ABŞ-da administrasiya dəyişikliyi və Trampın ikinci dəfə hakimiyyətə qayıdışı fonunda iki ölkə arasında siyasi dialoqun intensivləşməsi həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində yeni imkanlar yaradır. Bu kontekstdə Azərbaycanın regionda əsas tərəfdaş kimi önə çıxması təsadüfi deyil.

Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Birləşmiş Ştatlar üçün Xəzər regionunda ən mühüm strateji tərəfdaşlardan biri hesab olunur:

“Amerika bunu çox yaxşı başa düşür. Siyasi qərarlardan daha çox biznes maraqlarını ön planda saxlayan Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanla bağlı Bayden Administrasiyasının buraxdığı səhvləri təkrarlamaması və ölkəmizə xüsusi diqqət göstərməsi təsadüfi deyil. Dövlət Başçımızın avqust ayında Vaşinqtona səfəri zamanı Ağ Evin rəhbərinin onun liderliyinə yüksək qiymət verməsi də bu siyasətin tərkib hissəsidir.

Təkcə ABŞ deyil, Avropa ölkələrinin də Azərbaycanın enerji resurslarına ciddi ehtiyacı var. Ölkəmiz Avropaya kifayət qədər neft və qaz ixrac edir və Tramp Administrasiyası bu enerji bazarını ABŞ-a daha yaxınlaşdırmaqda maraqlıdır. Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin bu səviyyədə yaxınlaşması hamımız üçün müsbət haldır. Çünki bu reallıqdır: ABŞ dünyanın bir nömrəli supergücüdür və Trampın hakimiyyətdə olduğu dövrdə bir sıra məsələlərin həlli üçün bu imkanlardan maksimum yararlanmalıyıq”.

“Ən vacib məqamlardan biri Zəngəzur dəhlizi məsələsinin irəlilədilməsidir. Artıq “Tramp marşrutu” ifadəsinin gündəmə gəlməsi də bunun göstəricisidir. Ölkə Prezidenti hədəf olaraq 2028-ci ili qeyd etmişdi və məlumdur ki, həmin ilin sonunda Trampın ikinci müddəti başa çatır. Onun növbəti seçkilərdə yenidən qalib olub-olmayacağı isə indidən proqnozlaşdırıla bilməz”,- deyə siyasi analitik bildirib.

//Gülnarə Abasova, Editor.az