“Azərbaycan BƏƏ ilə geniş əməkdaşlığa meyillidir”-ŞƏRHbackend

“Azərbaycan BƏƏ ilə geniş əməkdaşlığa meyillidir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ərəb Əmirlikləri iqtisadi, investisiya və ticarət sahəsində mümkün qədər müstəqil fəaliyyətə meyl edən ölkədir”.

Bu sözləri Editor.az-a Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq barəsində danışarkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əməkdaşlığı son illərdə güclənməkdədir:

“Xüsusilə BƏƏ-nin Vətən müharibəsindən sonra Azərbaycanın bərpaolunan enerji infrastrukturlarının yaradılması sahəsində fəallaşması cəhdləri hiss olunur. Azərbaycan da bu sahədə BƏƏ ilə geniş əməkdaşlığa meyillidir. Çünki bu sahədə BƏƏ-nin böyük təcrübəsinin olduğu bildirilir. Artıq Qaradağ rayonu və işğaldan azad olunmuş bəzi bölgələrdə bərpa olunan enerji obyektlərinin yaradılması ilə bağlı BƏƏ-nin müəyyən şirkətləri ilə investisiya müqavilələri imzalanıb, fəaliyyətlər davam etdirilir.

Bundan başqa bəzi istiqamətlərdə qlobal fəaliyyətlərin həyata keçirilməsi sahəsində də Azərbaycanın BƏƏ ilə yaxşı münasibətləri var. Xüsusilə son iqlim dəyişiklikləri ilə mübarizə sahəsində keçirilən beynəlxalq konfransa Azərbaycanın dəvət olunması da iki ölkə arasındakı əməkdaşlığın inkişafından xəbər verir. Ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə sahəsində atdığı addımlar, xüsusilə də COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş beynəlxalq qərara dəstək verən ölkələrdən biri də BƏƏ-dir”.

//Səbinə Hüseynli, Editor.az