“Belarusiya və Azərbaycan arasında çox yaxşı münasibətlər sistemi mövcuddur və tarixin müxtəlif dövrlərində iki ölkə arasındakı münasibətlər daha da inkişaf edib”.
Bu sözləri Editor.az-a Prezident İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında baş tutan görüşlə bağlı danışarkən politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, Azərbaycan Belarusiya üçün vacib ölkədir: “Dəfələrlə Belarusiya prezidenti, hökumətin müxtəlif rəsmiləri Azərbaycanın Belarusiya üçün önəmini xüsusi qeyd ediblər. Bu baxımdan ölkəmizin bu qədər vacib əhəmiyyətə malik olması, beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməsi və bu rakursda Belarusiyanın da Azərbaycanla münasibətlərə hər daim önəm verməsi xüsusi əhəmiyyətə malikdir.
MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti ilə Belarus Prezidentinin təkbətək görüşü də hər iki ölkə rəhbərinin ölkələr arasındakı münasibətlərə verdiyi dəyəri bir daha diqqətə çatdırdı. Azərbaycan və Belarusiyanın iqtisadi və digər sahələr üzrə əməkdaşlığında kifayət qədər yaxşı perspektivlər mövcuddur”.
//Səbinə Hüseynli, Editor.az

