Azərbaycan Cənubi Qafqazın tarixində hərbi-siyasi zəfəri olan yeganə dövlətdir – RƏYbackend

Azərbaycan Cənubi Qafqazın tarixində hərbi-siyasi zəfəri olan yeganə dövlətdir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə nəinki Azərbaycanın müasir tarixində, bütövlükdə ölkənin çoxəsrlik tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin I müavini Əli Əhmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər zaman bu qələbənin regional və beynəlxalq əhəmiyyət daşıdığını xüsusi vurğulamaq lazımdır.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövləti öz qələbəsi ilə regiona sülh, əmin-amanlıq və təhlükəsizlik gətirmiş oldu:

“Dörd il bundan əvvəl münaqişə vəziyyətində yaşayan xalqlar və ölkələr arasında yeni münasibətlər sistemi, sülh gündəliyi formalaşıb. Ermənistan tərəfindən səsləndirilən bəyanatların bəzisi səmimilik testindən uğurla keçə bilməsə də, bütövlükdə iki ölkə arasında və Cənubi Qafqazda hərbi ritorikanın siyasi ritorika ilə əvəz olunduğu aydın şəkildə müşahidə edilir. Bu gün bölgədə əmin-amanlıq hökm sürür. Qazandığımız qələbə ilə ilk növbədə haqsızlıq və ədalətsizliyə qarşı uğurlu mübarizə aparmağın yolunu göstərdik”.

Deputat Bəhruz Məhərrəmov vurğulayıb ki, “dövlət başçısı İlham Əliyev Vətən müharibəsində tarixin gedişatını dəyişdi və nəticə etibarı ilə bu gün Azərbaycan region tarixində hərbi-siyasi zəfəri olan yeganə dövlətdir”.

“Vətən müharibəsindən sonra yırtılan maskalar göstərir ki, Qərb bu bölgədə işğal arzulayırdı, milli iradə işğala son qoydu, onlar separatizmin dayanıqlığında maraqlı idi. İlham Əliyev Avrasiya məkanında ilk dəfə Azərbaycanda separatizmin kökünü kəsdi. Qonşu dövlətlərdə seçki qutusuna qədər “girənlər” İlham Əliyevin sayəsində bu günə qədər Azərbaycana şərti sərhədlərdən binoklla baxmaqdan və heç bir hüquqi-siyasi əhəmiyyətə malik olmayan bəyanatlardan irəli gedə bilməyiblər”, – B.Məhərrəmov əlavə edib.

Deputat Kamal Cəfərov isə qeyd edib ki, qazanılan qələbə Azərbaycan gəncliyinin azad, müstəqil və sülh içərisində yaşaması üçün güclü, eyni zamanda tarixi başlanğıcdır: “8 Noyabr – Zəfər Günü tək müasir silahların gücü yox, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, xalqımızın birliyinin, həmrəyliyinin gücüdür. Bu gün yeni nəsil yetişir və antimilli qüvvələrin, Qərbin əsas hədəfi məhz bu gənc nəsildir.

Gənclərin düşüncələrini zəhərləmək, onları xalqımıza, dövlətimizə, xüsusilə də ənənəvi dəyərlərimizə qarşı yönləndirmək istəyirlər. Bu, heç vaxt alınmayıb və alınmayacaq. Buna baxmayaraq, yeni nəsil tariximizi düzgün öyrənməlidir”.