Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİRbackend

Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COP – beynəlxalq tədbirdir. Onu Azərbaycan deyil, BMT təsis edib. Həm də COP tədbirlərinə ev sahibliyi beynəlxalq ictimaiyyətin razılığı ilə verilir. Bu baxımdan, COP29-a ev sahibliyinə səs verən Qərbin bir neçə ölkəsinin Azərbaycana qarşı qərəzli anti-Azərbaycan kampaniyası aparması riyakarlığın son həddidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, bu gün dünyanı iqlim dəyişikliklərinin yaratdığı problemlər düşündürür:

“Dünyada iqlim dəyişikliklərinin sürətlənməsinə ən çox yol açan Fransanın başçılıq etdiyi bir komanda isə bu fəsadların aradan qaldırılması üçün dünya ictimaiyyəti ilə həmrəy olmaq əvəzinə, Azərbaycanı hədəfə gətirmək bəhanəsi ilə diqqəti yayındırmağa çalışır. Amma Azərbaycan COP29 platformasında Fransanın və ona züy tutan Niderlandın biabırçı fəaliyyətlərini ifşa edir.

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində etdiyi çıxışda Fransanın neokolonializm siyasətini ifşa edərək Avropa İttifaqına üzv dövlətə Afrika və ada dövlətlərində yürütdüyü müstəmləkəçilik siyasətindən əl çəkməsi üçün bir daha çağırış etdi. Yəni Fransa üçün iqlimə zərər vurmaq və insan haqlarını tapdalamaq adi hal olaraq davam etməkdədir”.

Deputat vurğulayıb ki, 1966-96-cı illərdə Parisin Fransa Polineziyasında apardığı 196 nüvə sınağı nəticəsində radiasiya səviyyəsi 4 900%-dən çox artıb, Əlcəzairdə keçirilmiş 17 nüvə sınağı ilə isə ümumiyyətlə, planetin ekosistemi faciəli bir vəziyyətlə üzləşib:

“Yeni Kaledoniyada kanakların təkcə bu il keçirdikləri legitim etiraz aksiyalarına qarşı divan tutan Emmanuel Makron hökuməti 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb, 1 700 insanı isə həbsə atıb. Martinik və Qvadelupada isə 38 nəfər həbs olunub. Öz hüquqlarını tələb edən bu günahsız insanlara qarşı Fransanın tətbiq etdiyi cinayət hərəkətləri Avropa Komissiyasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin gözü qarşısında baş verir. Avropanın heç bir təsisatı Fransaya “gözündə tir var” demir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə “X” sosial şəbəkəsində Avropa İttifaqını bağ, dünyanın qalan hissəsini cəngəllik kimi təsvir edir. Yəni Borrel hesab edir ki, Avropadan kənar ölkələr cəngəllikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır.

Təbii ki, XXI əsrdə Fransanın vəhşi qanunlarına davam etməsi və bu hərəkətlərinə haqq qazandırması Borrellərin də onların cinayətlərinə şərik olması deməkdir. Həm də Borrelin bu təsviri Fransanın cinayətlərinə haqq qazandırmaqla yanaşı, COP29 keçirərək qlobal problemlərin aradan qaldırılması üçün təşəbbüslərlə çıxış edən Azərbaycana qarşı riyakar siyasətin davam etdirilməsidir. Makronların, Borrellərin Azərbaycana qarşı qərəzli və riyakar kampaniyalar aparmaqla COP29-u pozmaq cəhdləri iflasa uğradı. Çünki dünya birqütblü deyil”.

“Beynəlxalq ictimaiyyətin hər bir üzvü dünya siyasətinin bərabər iştirakçısıdır. Makronların və Borrellərin xain niyyətləri isə ürəklərində qalır. Belə ki, Azərbaycan COP29-a ev sahibliyini uğurla davam etdirməkdədir.

COP29-da artıq 80-dən çox dövlət və hökumət başçısı iştirak edib, 70 mindən çox insan isə qeydiyyatdan keçib. Hər gün Bakıda böyük izdihamla, yüksək səviyyədə COP29 tədbirləri davam etdirilir. Bakı qonaqları yüksək səviyyədə qəbul edir. Təbii ki, bu beynəlxalq tədbirə gələn hər bir şəxs məmnun qalır. Bakıda qlobal gündəliyi narahat edən mühüm məsələlər müzakirə olunur və qərarlar qəbul edilir. Amma bizi istəməyənlər uzaqdan müşahidə edirlər, ölkəmizin uğurlarını həzm edə bilmir və mənəvi cəhətdən əzab çəkirlər. Xainlər isə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir və dünya ictimaiyyəti də böyük maraqla ölkəmizin yanındadır”, – deyə Azər Badamov bildirib.