“Ermənistan son zamanlar Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirməklə sanki Azərbaycanı daha sərt, daha qəti addımlar atmağa vadar edir”.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Azərbaycana qarşı təxribatlara son qoyulmazsa, o zaman Azərbaycan daha adekvat addımlar ata bilər:

“Gorus-Qafan yolunun bağlanmasını əslində Ermənistanın təxribatlarına cavab hesab etmək olmaz, çünki bu ərazilər Azərbaycan ərazisidir, bu yolun bağlanan hissəsi də Azərbaycan ərazisindən keçir. Üçtərəfli birgə bəyanatın şərtlərində bizim Ermənistana Gorus-Qafan yolunun ərazimizdən keçəcəyi barədə heç bir öhdəliyimiz mövcud deyil, əksinə birgə bəyanatda Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin də açılması nəzərdə tutulurdu. Ermənistan hələlik nə Zəngəzur dəhlizinin açılması barədə bir qərar verib, nə də erməni silahlılarının rusların müvəqqəti nəzarətində olan ərazilərdən çıxarılmasını təmin edib. Odur ki, bu addımlar sadəcə Ermənistana bir xəbərdarlıq xarakteri daşıya bilər. Yəqin ki, yaxın günlərdə Ermənistan tərəfindən bu fəaliyyətlərə, o cümlədən Qarabağ ərazisinə İrandan və Ermənistandan silahlıların, texnikaların daşınmasına son qoyulmazsa, – Azərbaycan əsgərinə qarşı təxribatlar da bura daxildir, – o zaman Azərbaycan daha adekvat addımlar ata bilər. Bunun üçün bizim əlimizdə digər mexanizm və “rıçaqlar” mövcuddur.
Bura həm Laçın dəhlizinin bağlanması, həm də erməni silahlılarının çıxarılması üçün antiterror əməliyyatlarının və ya digər fəaliyyətlərin də həyata keçirilməsi daxildir.
Azərbaycan əsgərinin Azərbaycan ərazisi olan Ağdərədə saxlanılması isə Ermənistan tərəfinin vəziyyəti tam gərginləşdirmək üçün atdığı ən yanlış addımdır. O addımlara qarşı Azərbaycanın cavabı çox sərt və qəti ola bilər. Hesab edirəm ki, əgər yaxın günlərdə həmin əsgərimiz qaytarılmazsa, Azərbaycan tərəfi Ermənistan üçün kifayət qədər ağrılı-acılı olacaq addımlar atacaq”.

