Azərbaycan diasporu YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ: Bu sahədə hansı boşluqlar var?backend

Azərbaycan diasporu YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ: Bu sahədə hansı boşluqlar var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdən etibarən dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan həmvətənlilərimizin təşkilatlanması, ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Diaspor quruculuğu işi daima Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edib.

Dünya azərbaycanlılarının vətənimizin tarixini dərindən öyrənməsini təmin etmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.

Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, gerçəkliyin ən uzaq ölkələrdə belə öyrənilməsinə nail olmaq işində diaspor təşkilatlarının üzərinə ciddi vəzifələr düşür.

Bu gün diasporla iş sahəsində vəziyyət necədir? Diasporumuz lobbiçilik mərhələsinə keçə bilirmi?

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov Editor.az-a açıqlamasında məsələyə münasibətini bildirib:

“Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədr müavini olaraq deyə bilərəm ki, son illər xaricdə yaşayan azərbaycanlıların daha çevik və səmərəli şəkildə təşkilatlanması, orada mövcud olan təşkilatların fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatlar Azərbaycan hökumətinin diqqət mərkəzində saxlanılır. UABD Azərbaycan əsilli Ukrayna vətəndaşlarının peşəkar və intellektual potensialının üzə çıxarılması, onların səy və təşəbbüslərinin, Azərbaycanla əlaqələrin inkişafı və dərinləşməsi, azərbaycanlıların hüquq və mənafelərinin müdafiəsi, onların milli-mədəni kimliklərinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərən işlək, səmərəli mexanizmidir.

Azərbaycanla bağlı tədbirlərin birgə keçirilməsi daha səmərəli və faydalı nəticələr verir. Ukraynadakı Azərbaycan diaspor  təşkilatları arasında ümumi mövqeyin formalaşması bizim üzərimizə düşən vəzifələri asanlaşdırır.  Artıq biz gələcəkdə dövlətimiz və millətimiz adına daha nələri edə biləcəyimiz haqqında düşünməliyik. Bizim əsas məqsədimiz dövlətimiz üçün yararlı layihələri həyata keçirmək, Ukraynada yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, burada təhsil alan tələbələrlə səmərəli iş aparmaq, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması işini koordinasiyalı formada həyata keçirməkdir”.

M. Cəfərov sözügedən istiqamətdə çatışmazlıqlara da toxunub:

“Bu sualın sadə cavabı yoxdur. Bunun üçün ilk növbədə diaspor daxilindəki işlərin real vəziyyəti ilə tanış olmaq lazımdır. Soydaşlarımız Ukraynada çətin anlar yaşayır. Bildiyimiz kimi, hal-hazırda Rusiya ən qəddar üsullarla Ukraynaya qarşı müharibə aparır. Bu müharibə dünyanın diqqəti mərkəzindədir. Müharibə şəraiti Azərbaycan diasporu üçün çox tanışdır və ciddi narahatlıq yaradır. Azərbaycan diasporu müharibənin ilk günlərindən həmvətənlərimizin yardımına yetişir. Bizim üzərimizə düşən vəzifələr soydaşlarımızın təxliyəsi, onlara humanitar yardımın çatdırılması, Ukrayna ordusunda vuruşan azərbaycanlıların vəziyyətinin diqqətdə saxlanılması və bu şəraitdən doğan digər məsələlərdir.

Bu işlərin hamısı Ukraynanın müxtəlif bölgələrində yerləşən diaspor təşkilatları ilə birgə həyata keçirilir. Ukraynanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatları səfərbər olunaraq, dinc azərbaycanlıların döyüş bölgələrindən çıxarılması prosesində əsl fədakarlıq nümayiş etdirdilər.

Bundan əlavə, Azərbaycan diaspor fəalları Ukrayna ordusuna, habelə, müharibədən əziyyət çəkən dinc əhaliyə maddi yardımlar göstərirlər.

Müharibədən əvvəl aktiv fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatların sayı bizim arzu etdiyimiz səviyyədə deyildi. İndi isə biz əminik ki, soydaşlarımız daha çox həmrəydirlər. Biz yaşadığımız ölkədə digər dövlətlərin diasporlarına özümüzü vahid qüvvə kimi nümayiş etdiririk. Müharibə bizi motivasiya edib, artıq vahid bir Azərbaycan diasporuna çevirib. Ümidvaram ki, gələcəkdə də Azərbaycan diasporu həmrəylik baxımından Ukraynada fəaliyyət göstərən digər təşkilatlara nümunə olmaqda davam edəcək”.
“Bu gün bizim güclü, diasporumuz var – bu fikri cəsarətlə deyə bilərikmi? Biz deyə bilərik ki, bizim dünyada diasporumuz var. Lakin onu da etiraf etməliyik ki, o diaspor təşkilatları yaşadıqları dövlətlərin siyasətinə, yerli ictimai rəyə təsir etmək gücündə deyillər. Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və Azərbaycan diasporu da bu reallıqlardan çıxış edərək, öz fəaliyyətində yeni istiqamətləri müəyyən etməlidir. Artıq Azərbaycan 30 ildən çox  işğal altında olan torpaqlarını azad edib. İndi biz postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili üçün yeni konsepsiya üzərində çalışmalıyıq.  Ukraynada biz bu istiqamətdə işlərə başlamışıq və demək olar ki, işimiz uğurla davam edir. Bu ölkədə  Azərbaycan diaspor nümayəndələri dövlət və özünüidarə strukturlarında müxtəlif vəzifələr tuturlar, parlamentə və bələdiyyələrə seçilirlər. Beləliklə, Ukrayna-Azərbaycan arasında olan münasibətlərin inkişaf etdirilməsində həmin şəxslərin iştirakı vacibdir. Bu proses lobbiçilik adlanılır. Bunun vacibliyinə gəlincə, demək istərdim ki, biz çalışırıq ki, diaspor təşkilatlarımızın lobbiçilik strategiyasını inkişaf etdirək. Biz Ukrayna mediası ilə sıx əlaqələr qururuq, jurnalistlərlə mütəmadi görüşlər keçiririk. Biz Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə ukraynalı jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil edirik. 44 günlük müharibə zamanı az qala hər gün ukraynalı jurnalistlər müsahibə almaq üçün bizə müraciət edirdilər. Mövqeyimizi müsahibələrimiz və yazılarımızla Ukrayna ictimaiyyətinə çatdırırdıq.

Biz Ukrayna Ali Radasının deputatları ilə də sıx əlaqələr qurmuşuq. Onlar dəfələrlə Azərbaycanda olub, ölkə həqiqətlərini öz gözləri ilə görüblər. Deyə bilərik ki, təşkilatımız ikitərəfli əlaqələrin qurulması üçün körpüyə çevrilib. İnanıram ki, gələcəkdə bu əlaqələr daha da dərinləşəcək və sözsüz ki, bunun həm Ukraynaya, həm də Azərbaycana böyük faydası olacaq”,- deyə sədr müavini bildirib.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.