Mövzu: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
“Sağlam cəmiyyətin, demokratik mühitin, şəffaf idarəetmə sisteminin formalaşması üçün əsas şərtlərdən biri şübhəsiz ki, söz azadlığının təmin olunmasıdır. Fikir plüralizmi olmadan nə ölkənin, nə də ki, ayrılıqda fərdlərin normal inkişafını təsəvvür etmək çətindir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi kimi kommunist ideologiyası çərçivəsində yaşayıb:
“Həmin dövrün rejimi isə, əks fikri, söz azadlığını qəbul etmirdi. SSRİ dağıldı və müstəqilliyin ilk illərində cəmiyyətin bütün sahələrində xaotik proseslər başladı. İfrat fikir azadlığı, konkret dövlət ideologiyasının olmaması, 70 illik ideologiyanın iflası, üstəlik Qarabağda erməni separatçılığı nəticəsində yüz minlərlə qaçqının, məcburi köçkünün öz yurdlarından qovulması, cəmiyyətin mənəvi deqradasiyasını sürətləndirdi. Tez-tez dəyişən siyasi hakimiyyətlər dövrün çağırışlarına cavab vermir, dövlətin qarşısında duran problemləri həll etmək iqtidarında deyildilər. Ona görə də siyasi baxımdan parçalanmalar, şəxsi ambisiyalar xalq arasında çaşqınlıq, inamsızlıq yaradırdı. Nəticədə torpaqlarımız işğala məruz qaldı, ifrat söz, fikir azadlığı anarxiya ilə əvəz olundu. Ölkə, mütəşəkkil cinayətkar dəstələr tərəfindən idarə olunmağa başladı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, vətəndaş müharibəsi baş verəcəkdi. Xarici qüvvələrin xeyir-duası ilə Cənubda, Şimalda baş qaldırmış separatçılığa son qoyuldu. Hərbi çevrilişlərin, terrorçuluğun qarşısı alındı. Yeni, bütün demokratik təsisatları özündə əks edən konstitusiya qəbul olundu. Operativ dövlət idarəetmə sistemi quruldu. Mətbuatda senzura aradan qaldırıldı. Cəmiyyətin bütün sahələrində köklü islahatlar aparıldı. Güclü ordu, iqtisadiyyat quruldu. 200 illik separatizmə son qoyuldu. Hesab edirəm ki, qısa da olsa, keçdiyimiz tarixi yola ekskursiya etməkdə fayda var. Ən azından ona görə ki, bu gün də, 90-cı illərin ab-havasını, anarxiyasını arzulayan, bulanıq suda balıq tutmaq istəyən qüvvələr var. Adətən, təhsil almaq, çalışmaq istəməyən, heç bir faydalı işlərlə məşğul olmayan, bütün uğursuzluqlarının səbəblərini başqalarında axtaran məsuliyyətsiz kütlənin ən böyük arzusu məhz anarxiyadır. Onları müəyyən etmək üçün sosial şəbəkələri izləmək kifayətdir. Sağlam fikirlərlə, təkliflərlə yanaşı, ifrat söyüşlər, təhqiramiz fikirlər, cəmiyyətin nüfuzlu, sayılıb seçilən insanlarına qarşı böhtan, qarayaxma kompaniyaları baş alıb gedir. Elə hallar olur ki, öz sahəsində ölkədə bir çox nailiyyətlər qazanmış, bir nömrəli mütəxəssislər belə təhqirlərə məruz qoyulur. Guya ki, məsləhət verirlər. İrad bildirəndə də, adını tənqid qoyurlar. Tənqid həmişə, hər kəsə vacibdir. Ancaq tənqid edənin mənəvi, cüzi də olsa, ixtiyarı çatmalıdır. Yoxsa, bilik səviyyəsi sıfıra bərabər olan birinin, peşəkarı tənqid adı ilə təhqir etməsi, yumşaq desək, tərbiyəsizlikdir. Bu daha çox vicdan məsələsidir. O da, əfsuslar olsun ki, getdikcə defisitə çevrilir. Təbii ki, belə təhqirlərdən sonra, bəzi hallarda insan ruhdan düşür, daxilən inciyir”.
N. Məhəməliyev bildirib ki, Azərbaycan dövləti cəmiyyətdə söz azadlığının, fikir müxtəlifliyinin bərqərar olması üçün üzərinə düşən vəzifələri yerinə yetirir:
“Ölkənin bütün əraziləri internetlə təmin olunub. Müxtəlif təmayüllü qəzet, jurnallar çap olunur. Siyasi partiyalar, ictimai təşkilatlar fəaliyyət göstərir. Parlamentdə müxalifət partiyalarının nümayəndələri Məclis və komitə rəhbərlikləri səviyyəsində təmsil olunurlar. Dövlətin və cəmiyyətin qarşısında duran problemlərin həlli ilə bağlı, iqtidar partiyası YAP-ı ilə müxalifət partiyalarının görüşləri təşkil olunur. Ümumiyyətlə, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev, vətəndaş cəmiyyəti institutlarının inkişafında maraqlıdır. Söz, məlumat azadlığının, fikir müxtəlifliyinin qorunması üçün məqsədyönlü siyasət aparılır. Bu gün Azərbaycanda informasiya almaq kimi problem yoxdur. Yetər ki, yaradılmış şəraitdən düzgün istifadə edəsən. Aldığın biliklərlə özünü təkmilləşdirəsən, kamil şəxsiyyət kimi yetişib, vətənə ləyaqətlə xidmət edəsən. Xarici təsirlər altında cəmiyyətin parçalanmasına yox, milli birliyin qorunmasını, dövlət maraqlarının müdafiəsini təmin edəsən. Digər millətlərin yanında müasir, müsbət azərbaycanlı obrazının formalaşmasında nümunə göstərəsən”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


