İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Bu gün dünya mətbuatında tez-tez qeyri-millətlərdən, qeyri-dinlərdən olan insanlara qarşı törədilən hücum və zorakılıqlardan bəhs edilir. Bu, dünyada dini və milli dözümsüzlüyün geniş vüsət aldığının göstəricisidir. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsinin dünya səviyyəsində yetərincə dəstəklənməməsi əslində həmin ölkələrin müəyyən etdiyi siyasətdən irəli gəlir. Lakin sevindirici haldır ki, dini tolerantlıq və multikultural dəyərlərə sadiqlik baxımından da Azərbaycan örnək ölkələr içərisindədir.
Bəs ölkəmizdə bu istiqamətdə daha hansı işlər görülür?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan bu gün dünyanın multikultural mərkəzlərindən birinə çevrilib:
“Ölkəmizdə multikulturalizm adət-ənənədir, dövlət siyasətidir. Multikulturalizm gələcəyimizin təminatıdır. Çünki Azərbaycan çoxmillətli dövlətdir. Bu harmoniya bütün uğurlarımızın kökündə dayanan həlledici amillərdən biridir. Tarixi qələbəmizi şərtləndirən çoxsaylı səbəblər içərisində dayanır”.
Deputatın sözlərinə görə, Azərbaycan multikultural dəyərləri paylaşmaqla həm də bu gün çox qorxulu tendensiyalara
qarşı öz alternativlərini təqdim edir:
“İslamafobiya, türkəfobiya, Azərbaycanafobiya kimi təhdidlər və təhlükələr özünü göstərir. Xüsusilə də sonuncu nümunələr Ermənistanın ölkəmizə və türkə olan münasibətində özünü bariz formada nümayiş etdirir. Bütövlükdə isə dünyada islamafobiya tendensiyası var. Ən acınacaqlı məqamı da odur ki, bir çox inkişaf etmiş Avropa dövlətlərinin rəhbərlərinin dilindən olduqca təhlükəli ifadələr səslənir. Bunlar arasında multikulturalizmin süquta uğraması, perspektivinin olmaması ilə bağlı yanaşmalar sərgilənir. Hətta Almaniya kimi demokratiyanın əsas mərkəzlərindən biri olan ölkədə neofaşist dəyərləri paylaşan hərəkat da formalaşıb. Onların vaxtilə Drezdendə keçirdikləri mitinqlərdə yüzlərlə adam iştirak edirdisə, indi bəzi mitinqlərdə on minlərlə insan iştirak edir. Neofaşizm dəyərlərini bu gün multikultural dəyərlərə qarşı qoyulması tendensiyasıdır. Bu, çox təhlükəlidir. Məsələ ilə bağlı prezident İlham Əliyev çıxışlarının birində həyəcan təbili çaldı. Qeyd etdi ki, bu gün bir çox Avropa ölkələrinin parlamentlərində neofaşistlər hakimiyyəti mənimsəməyə başlayıblar. 5-10 il sonra onlar icra hakimiyyətini ələ keçirsələr dünyamızı nə gözləyəcək? Bir dəfə belə hadisə baş verdi və İkinci dünya müharibəsi ilə nəticələndi.
İndi də oxşar tendensiyalar özünü göstərir. Bunun qarşısı alınmasa, dünyamızı yenidən qlobal təhlükə gözləyə bilər”.
Elman Nəsirovun sözlərinə görə,bu gün Azərbaycan dünyaya təkcə neft və qaz ixrac etmir:
“Həm də multikultural dəyərləri, birgə yaşayış mədəniyyətini təlqin edir. Bu baxımdan nümunəvi ölkədir. Ölkəmiz postmüharibə dövrünün müsəlman və xristian abidələrinə də eyni yanaşmanı ortaya qoyur. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə həm Şuşa şəhərində məscidlərimiz , həm də Qazança xristian abidəsi bərpa olunub. Vitse prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bir çox Avropa ölkələrində xristian mədəniyyət incilərinin qorunub saxlanılması, bərpası işlərini həyata keçirir”.
İlahiyyatçı Hacı Ağaseyid Yaqubov isə din adı altında xüsusilə də gənclərin tamam fərqli fəaliyyətlərə sürüklənməsinə diqqət çəkib:
“Din insanın dünya və axirət əməllərini nizamlayan bir dəyərdir. Dini düzgün anlayıb anlatmaqdan ötrü onun dərin biliklərini öyrənmək vacibdir. Dinimizi ana kitabı “Qurani-Kərim”dir. Onun da ilk ayəsi “Oxu” əmri ilə başlayıb. Dini düzgün mənimsəmək üçün oxumaq əsas prinsipdir. Son dönəmlərdə gənc nəsli din adı altında islama layiq olmayan yönlərə çəkmələri bir daha göstərir ki, həmin din adı altında bu nankor işləri görürlər. Din sıradan bir adət- ənənə deyil ki, onu savadsız xalqın ümidinə buraxasan. Dünyəvi və uxravi işlərin potensial qüvvəsi olduğu üçün onu sərvət olaraq qoruyub və ziyan etmədən sərf etməliyik”.
Onun sözlərinə görə, böyük sərvətləri əldə etmək və onu qoruyub yönəltmək üçün böyük şəxsiyyətlərə ehtiyac var:
“Müdrik, elm əhlinə ehtiyacı var. Şeyx Hacı Allahşükür Paşazadə tələbəlik illərimizdə ondan belə bir ifadə əxz edib onu öz şüuruma həkk etmişəm. Şeyxülislam deyirdi, islam dini cansızdır onu cana gətirən bəşər övladı insandır. Belə götürsək dinə can verənlər onu ölüm üçün istifadə etməməlidir. Ölüm saçan hər bir iş şərdir. Şər işlərin banisi də yalnız şeytandır. Həyat da şərlə xeyrin, zülmətlə nurun, haqla batilin doğruluğunu əldə etmək uğrunda mübarizə meydanıdır”.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.