“Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması sərhədlərin müəyyənləşməsi məsələsində istədiklərinə nail olmaq hədəfinə xidmət edir. Çünki Nikol Paşinyan seçkidən öncə belə bir təklif irəli sürmüşdü ki, Kəlbəcərin Söyüdlü kəndindən Gorusun Xəzinəvər kəndinə qədər ərazidə sərhədlərin müəyyənləşməsi üçün beynəlxalq müşahidəçilər ora yerləşdirilsin”.
Bu sözləri Editor.az– a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Nikol Paşinyanseçkidən öncə etdiyi bu təklifdə beynəlxalq müşahidəçilər dedikdə, ABŞ və Fransanı nəzərdə tuturdu:
“O zaman da bəlli idi ki, təxribatların törədilməsində əsas hədəf beynəlxalq müşahidəçilərin həmin ərazilərə gətirilməsinə zəmin yaratmaq idi. Münaqişənin həllində kənarda qalan Qərbin əsas marağı yeni bir mübahisə məsələsi ilə proseslərə daxil olmaqdır. Lakin seçkidən sonrakı dövrdə həmin ərazilərə Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı Ermənistanla Rusiya arasında razılaşma oldu. Buna rəğmən Ermənistan həmin istiqamətdə yenidən təxribatlar törətməklə yeni sərhəd müqaviləsinin imzalanmasına nail olmaq istəyir”.
Asif Nərimanlının sözlərinə görə, Ermənistan bu cür təxribatlar törədərək Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında imzalanacaq sərhəd müqaviləsi məsələsində Rusiyanın dəstəyini almaq istəyir:
” Sərhəddə hər hansı bir toqquşma baş verdikdə Ermənistan tərəfi KTMT-nin öhdəliyini gündəmə gətirir. KTMT isə sərhəd məsələsinə qarışmayacağını açıqlayıb. Rusiya da rəhbərlik etdiyi təşkilatın proseslərə qoşulmasında maraqlı deyil. Rusiya tərəf olmaq istəmir. Ermənistan bu cür təxribatlarla Rusiyanı hədələyir. Bir növ KTMT-nin öhdəliklərini xatırladır. Ermənistan Rusiyaya demək istəyir ki, ” Əgər KTMT-nin öhdəliyini yerinə yetirmirsənsə, sərhədlərin müəyyənləşməsində Ermənistan tərəfinin mövqeyini müdafiə et”.
Siyasi analitik qeyd edib ki, Ermənistan həmçinin Kəlbəcər istiqamətində atəşkəsi pozmaqla strateji yüksəkliklər ələ keçirmək istəyir:
” Məlumdur ki,Qaragöl istiqamətində Azərbaycan öz sərhədini bərpa edib. Lakin Ermənistan tərəfi iddia edir ki, həmin istiqamətdə Azərbaycan Ordusu guya onların ərazisinə keçib. Ermənistanın “hərbi taktikası”ndan belə görünür ki, Kəlbəcər istiqamətində yüksəklik ələ keçirməyə çalışmaqla demək istəyir ki, Azərbaycan Qaragöl istiqamətindən geri çəkilsin. Bir növ bu istiqamətdə barter etməyə çalışır. Bu məsələsinin hərbi tərəfidir”.
Asif Nərimanlı bildirib ki, Ermənistan bir müddət təxribatlarına davam edəcək:
“Hesab edirəm ki, nəticə olaraq Moskvada üçtərəfli görüş keçiriləcək və masada yeni sərhəd müqaviləsi imzalanacaq. Bu Ermənistanda hökümət formalaşdıqdan sonra baş tutacaq. Artıq Ermənistanda seçki nəticələri konstitusiya məhkəməsi tərəfindən qəbul edildi. Çox guman ki, yaxın həftələrdə Ermənistanda yeni hökumət qurulacaq. Ondan dərhal sonra isə Azərbaycan-Ermənitan arasında sərhəd müqaviləsi imzalanacaq”.
Ermənistanın atəşkəsi pozması məsələsində Türkiyə artıq rəsmi şəkildə Ermənistana xəbərdarlıq edib:
“Düşünürəm ki,açıq şəkildə Türkiyənin hərbi müstəvidə hələ ki hər hansısa bir müdaxiləsinə ehtiyac yoxdur. Lakin qardaş ölkənin həm siyasi, həm də mənəvi cəhətdən dəstəyini hər zaman görürük və görəcəyik. Türkiyənin müdaxiləsinə o zaman ehtiyac yaranar ki, münaqişə prosesində üçüncü ölkə iştirak etsin. “Şuşa bəyannaməsi”ndə də bu qeyd olunub. Düşünürəm ki, buna ehtiyac yaranmayacaq. Çünki üçüncü ölkə ola biləcək Rusiya proseslərdə tərəf deyil, vasitəçi olmaq istəyir. Digər ölkələrin də proseslərə hərbi müdaxiləsi mümkünsüzdür. Ona görə Türkiyənin də hərbi müdaxiləsindən danışmaq hələ çox tezdir”.
//Gülnarə Abasova, Editor.az

