“Azərbaycan-Ermənistan münaqişəsinin uzanmasında maraqlı olan tərəflər var”- Tural Abbaslıbackend

“Azərbaycan-Ermənistan münaqişəsinin uzanmasında maraqlı olan tərəflər var”- Tural Abbaslı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Azərbaycan arasındakı münaqişənin uzanmasında bir çox beynəlxalq güclər və dövlətlər maraqlıdır”.

Bu fikirləri Ağ Partiya sədri Tural Abbaslı Editor.az- a açıqlamasında bildirib.

Onun sözlərinə görə, regionda Azərbaycan- Türkiyə birliyinin güclənməsini istəməyən qüvvələr var:

“Onlar münaqişənin birdəfəlik həll olunmasında maraqlı deyil. Zaman-zaman belə münaqişələrin, itkilərin olmasını istəyirlər ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər gərgin vəziyyətdə qalsın. Burada tək Azərbaycan yox, Türkiyə məsələsi də var. Məsələn, İran, Rusiya, Amerika Azərbaycanın regionda güclənməsində maraqlı deyil. Çünki bilirlər ki, Azərbaycanın regionda güclənməsi Türkiyənin regionda güclənməsidir. Həmin güclər Türkiyənin təsir dairəsinin regionda artmasının tərəfdarı deyil. Onsuz da Türkiyə dünyada son illər təsir imkanlarını artırıb. Amerika, Rusiya,Avropa Birliyinin iştirak etdiyi münaqişələrdə bir çox hallarda vasitəçi kimi çıxış edir. Sonuncu belə tədbirlərdən biri Rusiya, Avropa Birliyi və BMT-nin iştirakı ilə taxıl idxalı məsələsi oldu”.

Tural Abbaslının fikrincə, Ermənistan daxilində münaqişənin uzanmasını istəyən qüvvələri iki yerə bölmək olar:

“Bir qismi Paşinyanın zəifləyib gücdən düşməsini istəyən və bununla da hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr. Digər tərəfdən erməni lobbisi münaqişənin uzanmasında maraqlıdır. Çünki münaqişənin həlli onların maraqlarına cavab vermir. Hazırda münaqişənin həlli şərtlərini Azərbaycan tərəfi diktə edir. Ona görə ki, Azərbaycan qalib, güclü tərəfdir. Azərbaycanın şərtlərinə uyğun olaraq məsələ həll olunsa, ermənilərin illərdən bəri hədəflədiyi xəyallar baş tutmamış olacaq. Azərbaycan belə təxribatlara çox konkret və kəskin cavab verməlidir. Onlar da bilməlidir ki, səbəbindən asılı olmayaraq əgər Azərbaycana qarşı hər hansı təxribat olacaqsa, bunun bədəlini misli ilə ödəyəcəklər. Hansısa addımı atanda iki dəfə düşünməli olacaqlar. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr arzulayıram. Bu qalibiyyətin ağır tərəfi şəhidlərimizin olmasıdır. Amma vətənin müdafiəsi üçün də başqa yol yoxdur”.
 
//Safura Bənnayeva, Editor.az