Editor.az-a Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı ilə müsahibəsini təqdim edir:
-Akif bəy, Qarabağda Ermənistanın “humanitar böhran” şousu davam edir. Hələ də guya erməniəsilli əhalinin aclıq içərisində olduqları ilə bağlı dezinformasiya yaymaqda davam edirlər. Bu prosesdə Fransa da ermənilərə əlindən gələn dəstəyi verir. Rəsmi Parisin Azərbaycana qarşı artan qəzəbinin arxasında hansı səbəblər dayanır?
-Fransa öz mövqeyindən yox, bütövlükdə Qərbin mövqeyindən çıxış edir. Ermənilərin Qarabağda, Xankəndində başlatdıqları humanitar şounun yalan olduğunu bilsələr də buna inandıqlarını göstərirlər. Dünən ABŞ Dövlət departamentinin sözçüsü Metyu Millerin açıqlamasından da məlum oldu ki, onların hadisələrdən xəbəri yoxdur. Laçın dəhlizinin dərhal açılması, yüklərin daşınmasının təmin edilməsinin vacibliyi haqqında fikirlər səsləndirirlər. Burada Fransanın Ermənistanla bağlı da maraqları var. Regionda öz nüfuzunu gücləndirmək üçün ermənilərdən maksimum istifadə etməyə çalışır. Fransanın istəyi üzərinə Laçın yolu “açılarsa”, bu, Ermənistanın bütövlükdə regiona təsir gücünü artıracaq. Rəsmi Paris bunun üçün əl-ayağa düşüb. Azərbaycan isə bu təzyiqlərin qarşısında dik dayanıb. Ağdam-Xankəndi yolu ilə bağlı da dəqiq və doğru addımlar atır. Qarabağdakı erməni icması əgər həqiqətən aclıq içərisindədirsə, Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməlidir. Bu addım həmin ərazilərdə Azərbaycanın tam hüququnun olduğunu nümayiş etdirir. Dünyanın qəbul etdiyi normalara əsasən bu torpaqlar bizim ərazilərimizdir.
-Qarabağdakı separatçıların “liderləri” Azərbaycana, Laçın yolunun açılması ilə bağlı şərtlər irəli sürürlər. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın-Xankəndi yolunun açılmasının mümkün olduğu haqqında səsləndirdiyi fikirlər isə birmənalı qarşılanmayıb. Siz prosesi necə dəyərləndirirsiniz? Həqiqətən Azərbaycanın bu addımı atmasına ehtiyac var?
-Doğrudur, bu çıxış cəmiyyətdə birmənalı qarşılanmır və müxtəlif fikirlər səsləndirilir. Əslində Hikmət Hacıyevin bu çıxışı daha öncə səsləndirilən fikirləri təsdiq edir. Azərbaycan rəsmi qaydada bildirdi ki, Yevlaxda ölkə rəsmiləri ilə erməni icmasının nümayəndələri arasında görüş keçirilsin və Ağdam-Xankəndi yolundan hərəkət təmin edildikdən 24 saat sonra Laçın yolundan da hərəkət başlasın. Lakin ermənilər son anda Yevlax görüşündən qaçdılar. İndi bu fikirlərin səsləndirilməsi Azərbaycanın öz mövqeyinin üzərində olduğunun göstəricisidir. Lakin cəmiyyətimizdə bu fikirlər bir qədər etirazla qarşılanır ki, Laçın yolunun açılması ermənilərə güzəştdir və yenidən təxribatlara hazırlaşmaq üçün silah-sursat daşıyacaqlar. Birincisi, bu yola tam şəkildə nəzarət olunacaq, gediş-gəlişlər də nəzərdən keçiriləcək. Hər iki yolun işləməsi müəyyən mənada Rusiyanın maraqlarına uyğundur. Rəsmi Moskvanın Laçın yoluna təkbaşına nəzarət etmək istədiyi istiqamətində fikirlər də səsləndirilirdi. Azərbaycan nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra isə rəsmi Bakı ilə bərabər bu prosesi həyata keçirməyi təklif etdi. Ancaq rəsmi Bakı bununla razılaşmadı.
-Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulması, təxribatların baş tutması eyni zamanda, Qarabağdakı aksiyalar, separatçıların daxilində baş verən konfliktlər, Ermənistan və Fransanın Azərbaycana qarşı artan qəzəbi fonunda Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişinə maneələr yarana bilərmi? Yaxın perspektiv üçün prosesi necə dəyərləndirirsiniz?
-2020-ci ildən sonra da sülh müqaviləsinin dərhal imzalanacağını bildirirdilər. Lakin o zaman da bildirmişdim ki, sülh müqaviləsinin bu qədər tezliklə imzalanmasını heç kim gözləməsin. Çünki sülh müqaviləsinin imzalanmasında Azərbaycandan başqa maraqlı olan tərəf demək olar ki, yoxdur. Ermənistan isə prosesi uzatmaq üçün cəhd göstərir. Digər tərəfdən Rusiya da prosesdə maraqlı deyil, ona görə ki, əgər bu hal baş verərsə, rəsmi Moskva regiondan çıxmalıdır. Eyni zamanda Amerika sülh müqaviləsini imzalanmasının tərəfdarıdır, lakin bir şərtlə ki, Ermənistanın məğlub durumda bu sazişi imzalamasını istəmir. Azərbaycanın ortaya qoyduğu şərtlər daxilində sülh müqaviləsinin imzalanması rəsmi Bakının maraqlarına cavab verir. Onun üçün də yaxın vaxtlarda bu prosesin baş tutması mümkün deyil.
//Safura Bənnayeva, Editor.az

