“Azərbaycan-Ermənistan münasibətlərində əsas dönüş nöqtəsi Laçın dəhlizində sərhəd buraxılış nəzarət məntəqələrinin qurulmasından sonra başladı. Artıq Qarabağdakı erməni əsilli vətəndaşlar da reallığı qəbul etməlidir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağın erməni əhalisinin yalnız iki yolu var: ya Azərbaycan vətəndaşı olub reinteqrasiya prosesinə qoşulmaq, ya da regionu tərk edib yeni yaşayış yeri seçmək. Ancaq Xankəndidəki separatçılar bu ifadənin mənasını anlamırdılar, yalnız “Qarabağı xilas etmək” ümidi ilə yaşayırdılar”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, Ermənistan höküməti Qarabağdan birdəfəlik imtina etməyə və bundan sonrakı bütün nəticələrlə barışmağa hazırdır:
“Çünki İrəvan başa düşüb ki, nə kütləvi etirazlar, nə də ki, beynəlxalq tərəfdaşlar Qarabağın taleyinə təsir etməyəcək. Azərbaycan kifayət qədər vacib strateji əməkdaşlıqlara söykənərək öz haqq səsini beynəlxalq aləmə çatdırdı. Ermənistanın yeganə yolu Türkiyə ilə sərhədləri açmaq, Azərbaycanın yaratdığı yeni kommunikasiya əməkdaşlığı çərçivəsinə Avropa İttifaqı ilə yaxınlaşmaq və nəticədə sosial-iqtisadi inkişafı sürətləndirərək cəmiyyəti sosial iqtisadi durğunluqdan çıxara bilər”.
“30 il ərzində erməni cəmiyyətində belə bir hiss var idi ki, bu münaqişə ilə bağlı qəbul olunan qətnamələr heç vaxt işləməyəcək. Amma indi biz bu qətnamələrin bərpasının və xaos üzərində qələbəsini görürük. Bunu Azərbaycan höküməti və xalqı bacardı. Davamlı qarşıdurmanın tərəfdarı olan qüvvələr isə yaranmış şəraitin təzyiqi altında zəifləyib, təslim oldular”,- deyə deputat sonda qeyd edib.
//Gülnarə Abasova, Editor.az