Editor.az Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə müsahibəsini təqdim edir:
-Nəsib bəy, bir müddət əvvəlki intensiv görüşləri təəssüf ki, intensiv təxribatlar əvəz etməyə başladı. Sülh müqaviləsi istiqamətində müsbət irəliləyişlər əldə edildiyi halda atəşkəsin pozulması, təxribatların başlamasının səbəbi nədir?
-Müəyyən intensiv görüşlərdən sonra belə təxribatların baş verməsi gözlənilən idi. Bu bir daha sübut edir ki, sülhə nail olmaq istiqamətindəki yol bir qədər mürəkkəbdir. Sülh uğrunda mübarizə aparanlar qədər bunun əleyhinə çıxış edən qüvvələr də var. Brüsseldə Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən görüşlərdə bir sıra müsbət addımlar atıldı. Ermənistan siyasi hakimiyyəti, baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdi. Bu da təbii olaraq həm Ermənistan daxilindəki revanşist, həm də Cənubi Qafqaz regionunda ənənəvi geosiyasi maraqlarını qoruyan, hər vasitə ilə regiona girməyə cəhd edən qüvvələrin narahatlığına səbəb oldu. Daxili və xarici qüvvələr çalışırlar ki, qondarma erməni məsələsi gündəmdə qalsın və tərəflər arasında sülh müqaviləsi imzalanmasın. Əgər bu proses reallaşarsa dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacaqlar. Həmçinin Ermənistan Azərbaycana və qonşu Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmiş olacaq. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, danışıqlar formatında ikili yanaşma mövcuddur. Biri Avropa İttifaqının, digəri isə Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlardır. Kollektiv Qərblə Rusiya arasında problemə fərqli yanaşmalar mövcuddur. Hər iki tərəf öz maraqlarından çıxış edir. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, gələcəkdə də belə təxribatların olması istisna deyil.
-Mətbuatda tez- tez Ermənistanın xüsusi hazırlıqlara başladığı haqqında da məlumatlar yayılır. Eyni zamanda, proseslərə nəzarət etmək, araşdırmalar aparmaq üçün ərazilərində Avropa İttifaqı missiyası yerləşdirən Ermənistan həmin missiyanı da təxliyə edib. Burada güdülən maraq nədir? Öz əməllərini gizlətmək cəhdi, yoxsa…
-Ermənistan ordusu siyasi hakimiyyətə tam şəkildə tabe deyil. Ordunun tərkibində müxtəlif xarici qüvvələrə xidmət edən qruplar var. Hakimiyyətin özündə belə müxtəlif xarici qüvvələrin maraqlarını müdafiə edən qüvvələr var. Ermənistan siyasi hakimiyyəti yekdil olmadığı üçün proseslərə tam nəzarət edə bilmir. Bu məsələyə yalnız Ermənistan-Azərbaycan kontekstindən yanaşmaq doğru deyil. Daha geniş coğrafiyanı əhatə etdiyindən Fransa, İran faktorunu da görə bilirik. Fransanın Yaxın Şərq, Şimali Afrika regionunda Türkiyə ilə rəqabət aparmağa çalışdığının şahidi oluruq. Paris ermənilərə “qayğı göstərməkdən” daha çox özünün geosiyasi maraqlarından çıxış edir. Avropa İttifaqı missiyasının əsas təşəbbüskarı da elə Fransadır. Rəsmi Paris əzəli rəqibi Ankaraya qarşı rəqabətdə çalışır ki, sahədə maksimum nailiyyət əldə etsin.
-Nəsib bəy, baş verən proseslərə nəzər salsaq, tərəflər arasında geniş miqyaslı münaqişənin başvermə ehtimalı varmı?
-Genişmiqyaslı müharibənin başlayacağını düşünmürəm. Bunun üçün çox böyük maliyyə imkanlarına, hərbi gücə malik olmalıdırlar. Ermənistan ordusunun 44 günlük Vətən müharibəsindən sonra silah-sursatının böyük bir hissəsi məhv edildi. Azərbaycanla genişmiqyaslı müharibə aparmaq imkanı demək olar ki, yoxdur. Rəsmi Bakı ilə yanaşı hərbi-siyasi müttəfiqləri də prosesdə kifayət qədər aktiv rol oynayırlar. Lakin xarici qüvvələrin təhriki ilə müəyyən lokal konfliktlərin olması da istisna deyil.
//Safura Bənnayeva, Editor.az

