“Azərbaycan Ermənistan, Rusiya və Fransanın pozuculuq fəaliyyəti ilə mübarizə aparmaq məcburiyyətindədir”-ŞƏRHbackend

“Azərbaycan Ermənistan, Rusiya və Fransanın pozuculuq fəaliyyəti ilə mübarizə aparmaq məcburiyyətindədir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan da bütün ermənilər kimi davamlı olaraq yalan danışmağa vərdişlidir. Ermənistanın baş nazirindən tutmuş bütün rəsmi təmsilçiləri yalnız yalan və uydurma iddialar üzərindən açıqlama verməkdə davam edirlər. Yəqin ki, Ermənistanın siyasi dairələri bu vərdişlərini heç vaxt dəyişməyəcəklər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, “Dağlıq Qarabağ” ifadəsi 10 noyabr üçtərəfli anlaşmasında Edmon Marukyanın dediyinin əksinə 5 dəfə deyil, cəmisi bir dəfə işlədilib: “Beynəlxalq hüquq normalarına görə, hər hansı ərazinin adı onun məxsus olduğu ölkə tərəfindən dəyişdirilərsə, həmin dövlətin imzaladığı anlaşmalarda da ərazinin adı avtomatik olaraq, dəyişdirilmiş olur. Ermənilərin “Dağlıq Qarabağ” dedikləri ərazi də beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan isə həmin ərazi barədə rəsmi qərar qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi qərara əsasən hazırda Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi mövcud deyil. Həmin bölgə rəsmən Qarabağ iqtisadi regionu adlanır. Ona görə də, Ermənistanın, Rusiyanın da bu məsələ ilə bağlı açıqlamaları yalnız gərginliyi artırmağa, sülh prosesini pozmağa hədəflənib”.

Politoloq qeyd edir ki, digər tərəfdən, sonrakı görüşlərdə imzalanan bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin yer alması barədə iddialar da yalandan başqa bir şey deyil: “10 noyabr üçtərəfli anlaşmasından sonra keçirilmiş görüşlərdə imzalanmış sənədlərin heç birində “Dağlıq Qarabağ” ifadəsi yer almır. Ümumiyyətlə, həmin sənədlərin heç birisində bu mövzuya yönəlik ən xırda xatırlatma belə, mövcud deyil. Yəni, Ermənistanın rəsmi dairələri yenə də hüquqi sənədləri özlərinə sərfəli şəkildə yazmaqla, uydurma iddialar irəli sürməkdə davam edirlər. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin hazırda əsas hədəfi sadəcə, bütün platforma və formatlar üzrə sülh danışıqları prosesini pozmaqdan ibarətdir. Rəsmi İrəvan sülh prosesini pozmaq cəhdlərində Fransa və Rusiya da Ermənistana intensiv dəstək verir. Bu baxımdan, Azərbaycan dövləti Ermənistan, Rusiya və Fransanın ortaq pozuculuq fəaliyyəti ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Ona görə də, məkrli davranan bu üç ölkəni artıq “üç bacı” hesab etmək olar. Çünki bu məkrli ölkələr məhz “üç bacı” formatında fəaliyyət göstərirlər”.

//Safura Bənnayeva, Editor.az