Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bundan əvvəl isə Ermənistan rəsmisi Sərkis Xandanyan Azərbaycanın Ermənistana sülh müqaviləsi mətni təqdim etdiyini və onların da bunun üzərində işlədiklərini qeyd etmişdi. Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları Moskvada davam edə bilərmi? Axı bir tərəfdən də Paşinyanın qərbyönümlü siyasət yeritdiyi və danışıqlarda Fransanın daha çox rol oynamasının tərəfdarı olduğu da məlumdur.
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Rusiya 10 noyabr 2020-ci ildə qəbul edilmiş bəyanatın 3-cü tərəfidir:
“ Vladimir Putinin bu bəyanatda imzası var. Rəsmi Moskva regiondakı önəmli, siyasi mərkəzlərdən biri kimi ilk başdan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı öz mövqeyini bildirib. Eyni zamanda, tərəflər arasında həm delimitasiya ilə bağlı komissiyaların görüşündə, həm də Azərbaycan tərəfindən təklif edilən “3+3” formatının işləkliyində fəal iştirak edib. Eyni zamanda, bu gün Xankəndi və ətraf ərazilərdə Rusiya sülhməramlıları yerləşdirilib. Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Moskva mütləq şəkildə iştirak etməyə çalışacaq. Baxmayaraq ki, Paşinyan tərəfindən Rusiyanın mövqeyi sabotaj edilir, kəskin siyasi mövqe trendə çevrilməyə başlayır, eyni zamanda, Fransa Ermənistana “mülki missiya” göndərməklə antiRusiya əhval-ruhiyyəsini yüksəltməyə çalışır. Bütün bunlar Moskvanın fərqində olduğu məsələlərdir. Lakin Fransanın bütün təhriklərinə baxmayaraq Ermənistanın Rusiyadan tamamilə üz çevirməsi, ondan uzaqlaşması mümkünsüzdür. Buna görə də hesab edirəm ki, Rusiya proseslərdən kənarda qalmayacaq və əlindəki imkanlardan istifadə edərək Ermənistanın bu kimi addımlarını cəzasız qoymayacaq”.
//Safura Bənnayeva, Editor.az