Azərbaycan-Ermənistan sülh prosesində həlledici mərhələ- Bu gün bizi NƏLƏR GÖZLƏYİR?backend

Azərbaycan-Ermənistan sülh prosesində həlledici mərhələ- Bu gün bizi NƏLƏR GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda onilliklərdir davam edən münaqişə, bu gün Vaşinqtonda keçiriləcək yüksək səviyyəli görüşlə yeni mərhələyə qədəm qoya bilər. Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin masaya oturması, təkcə region üçün deyil, qlobal geosiyasi nizam üçün də strateji əhəmiyyət daşıyır. Bu proses, münaqişənin həllinə yönəlmiş diplomatik səylərin kulminasiya nöqtəsi ola və tərəflərin gələcək münasibətlərini müəyyən edəcək əsas sənədin başlanğıcını qoyacaq.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a bildirib ki, bu gün ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə sülh müqaviləsinin müzakirəsi üçün görüşü baş tutacaq:

“Görüşün məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır. Belə bir razılaşma Cənubi Qafqaza sabitlik gətirərək dünyanın ən uzunmüddətli torpaq münaqişələrindən birini bitirəcək və regionun inkişafına geniş imkanlar açacaq.

Əslində bu görüş, iyul ayında Əbu-Dabidə keçirilmiş İlham Əliyev–Nikol Paşinyan görüşünün davamı kimi qiymətləndirilir. Həmin görüşdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, tərəflər bir neçə ay ərzində sülh razılaşmasının əsas prinsipləri və ya tam mətni üzərində razılıq əldə edib sənədi paraflaya bilərlər. Çox güman ki, dövlət başçısının nəzərdə tutduğu məhz bu Ağ Ev görüşüdür”.

M.Cəfərovun sözlərinə görə, son aylarda ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh prosesi fonundakı diplomatik fəallığı nəzərəçarpacaq dərəcədə artıb:

“Vaşinqtonun təşəbbüsləri Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə daha da intensivləşib. Ağ Evdə keçiriləcək bu üçtərəfli görüş, Prezident Trampın münaqişə həlli prosesinə birbaşa və ilk iştirakı olacaq. Seçki kampaniyası zamanı qlobal münaqişələrə son qoymaq vədi verən Trampın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiq hesab olunur.

Görüşdə sülh razılaşmasının imzalanma ehtimalı böyükdür. Lakin gözlənilən sənəd, yekun sülh müqaviləsi deyil, onun ilkin versiyası olacaq. Buna baxmayaraq, tərəflər arasında sülhü təmin edəcək ilk sənədin imzalanması, münaqişəyə son qoyulması istiqamətində mühüm siyasi hadisə kimi tarixə düşə bilər”.

“Görüş çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi və Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlər müzakirə olunacaq. Konkret razılaşmalar əldə olunarsa, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq, həm də ABŞ–Azərbaycan münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyacaq”,- deyə millət vəkili sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az