Azərbaycan Ermənistan və havadarlarının planlarına təslim olmayacaqbackend

Azərbaycan heç vaxt Ermənistan və havadarlarının planlarına təslim olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

“Ermənistanın Naxçıvan istiqamətindəki növbəti təxribatları sülhdən yayınmanın təzahürüdür. Ermənistan bu davranışla regionda gərginliyi qoruyub saxlamaq, yeni eskalasiya riski yaratmağa çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, Ermənistanın silahlanması, Baş nazir Nikol Paşinyanın Müstəqillik Bəyannaməsi ilə bağlı dediyi fikirlərdən konstitusiya dəyişikliyinə getməyəcəyi aydın olur:

“Yəni, həm ölkəsinə ağır texnikalar, silah-sursat daşıyır, sərhəddə işlər aparır, həm də Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtə müsbət yanaşmır. Bütün bunlar Ermənistan hakimiyyətinin revanşist ideyalardan əl çəkmədiyini təsdiqləyir. Təbii ki, Ermənistanı bu ziddiyyətli davranışlara təhrik edən onun havadarlarıdır. O havadarlar ki, regionda dayanıqlı sülhün yaranmasından narahatdırlar. ABŞ-ın Ermənistanı silahlandırması, bu ilin aprelində Brüsseldə iqtisadi əməkdaşlıq adı altında razılaşdırılan hərbi pakt Qərbin Cənubi Qafqazla bağlı əsas niyyət və planlarını ortaya qoyur. Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə 10 milyon avro ayırıb ki, bu da Ermənistanın militarizasiya siyasətinə dəstəkdir. Açıq-aşkar hərbi balansı dəyişməyə, yeni münaqişə yaratmaqla Cənubi Qafqazı parçalamağa can atırlar. Bunlar Ermənistanın Qərb tərəfindən həyata keçirilən militarizasiya siyasətinin nəticələridir.

Təsadüfi deyil ki, Ermənistan mütəmadi olaraq sərhəddə ağır silahlar, kvadrokopter tətbiq etməklə təxribatlar törədir. Təbii ki, bu təxribatlar Ermənistana baha başa gələcək. Azərbaycan tərəfi bundan əvvəlki təxribatlar zamanı da bəyan edib ki,  ölkəmizə qarşı istənilən təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a bildirib ki, əgər Qərbdəki bəzi qüvvələr Ermənistana silah-sursat yardımını dayandırmasalar, erməni ordusu müəyyən vaxtdan sonra hücuma keçə bilər:

“Təbii ki, bu, Ermənistanın öz qərarı və gücü hesabına olmayacaq, xarici qüvvələrin göstərişi ilə regionda yeni müharibəyə cəhdi Azərbaycan tərəfindən layiqli cavabını alacaq. Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan və havadarları  cütlüyü bölgəni yenidən müharibəyə qərq etmək istəyir. Xüsusilə Ermənistan baş naziri Nikol  Paşinyan  2027-ci ildə Konstitusiyanı dəyişəcəyi anonsunu verməsi, bir daha Ermənistanın sülhdən qaçdığını və müharibə yolunu tutduğunu açıq bəyan edir. Niyə məhz 2027? Çünki müttəfiqlər vaxtı uzadaraq müharibəyə hazırlaşır.

Həm də “Sputnik” – in son çəkilişləri erməni ordusunun ciddi hazırlıqda olduğunu göstərir. Videoda 1 il fərqlə şərti sərhədlərdəki vəziyyət qeyd edilib. Amma Ermənistan rəhbərliyi bilməlidir  ki, kiməsə ümid edib yenidən , hücuma keçərsə, adekvat cavabı alacaq .
Postmüharibə dövründə Ermənistan tərəfinin  silah tədarükü ilə bağlı öhdəliklərə riayət etməməsi də diqqət yetirilməsi vacib olan məqamdır. Belə ki,  Hindistanla Ermənistan silah tədarükünə dair müqavilə imzalayıb və təxminən 250 milyon dollarlıq silah tədarük etməsi  ölkənin iqtisadi-maliyyə durumu bahalı silah müqavilələri imzalamağa imkan vermir. İşğalçılıq siyasəti Ermənistana heç bir fayda gətirməyib, əksinə, bütün regional layihələrdən kənarda qalıb, dalan ölkəyə çevriləcək. Hazırda Ermənistanda bu ölkəyə məxsus iri sənaye müəssisələrinin sayı barmaqla sayılacaq qədər azdır, strateji infrastruktur obyektlərinin idarəolunması belə xarici şirkətlərə həvalə olunub və yaxud büdcə kəsrlərini doldurmaq üçün onlara satılıb. Dövlət büdcəsinin özü də kifayət qədər kiçik həcmlidir. Bu günlərdə ölkədə büdcə kəsirinin kəskin artması müşahidə edilir. Ölkə iqtisadiyyatı belə bərbad vəziyyətdə olan Ermənistanın Azərbaycanla sərhəddə iriçaplı bahalı silahların yığması heç də inandırıcı deyil. Burada başqa güclərin oyunu olduğu açıq aşkardır. Amma bütün hallarda Azərbaycan Ermənistanın və havadarlarının planlarına təslim olmayacaqdır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.