“Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir və dünyanın geosiyasi gündəmi həm gərgin, həm də zəngindir. Belə bir vəziyyətdə və şəraitdə beynəlxalq ictimaiyyətin nəzəri təkcə Rusiya-Ukrayna müharibəsində deyil. Cənubi Qafqazda sülh, sabitlik-təhlükəsizlik və əməkdaşlıq mühitinin təmin olunması da diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur, diplomatik trafik müşahidə edilir. Reallıq isə budur ki, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli söyləyib.

Politoloq bildirib ki, Azərbaycan müharibənin bitməsi – yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib:
“44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar. Paralel olaraq Azərbaycan postmüharibə dönəmində diplomatiya müstəvisində mühüm strateji gedişlər edərək Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Brüssel görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını – prosesin davam etdiyini göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Bu, prosesin Bakının əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir”.
Nurlan Qələndərli vurğulayıb ki, postmüharibə dövrü reallıqlarının diktə etdiyi zəruri məsələlərdən biri iki ölkə arasındakı münasibətlərin özləri tərəfindən tənzimlənməsi – həll olunmasıdır:
“Bu, sülh quruculuğunun və Cənubi Qafqazda etimad mühiti yaradılmasının tərkib hissəsidir. Sülh gündəliyi artıq müəyyənləşib, tərəflər konkret məsələlər ətrafında müzakirələr aparırlar, təmasları davam etdirirlər. Ona görə də bu prosesdə üçüncü tərəfə – qüvvəyə yer yoxdur. İki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Elə İrəvanın mövqeyi də bu vəziyyətdən xəbər verir – mənzərəni aydın təsvir edir. Gerçəklik budur ki, Ermənistan yeni reallığı qəbul edib. Nikol Paşinyanın açıqlamaları da bunu təsdiqləyir. O, parlamentin iclasında deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tərəflər arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır. Vaxt itkisinə yol vermək olmaz. Xüsusilə də, bunu İrəvan nəzərə almalıdır. Çünki regional təcrid vəziyyətində olan Ermənistan üçün vaxt itkisi daha böyük itkilərə səbəb ola bilər. Ona görə də İrəvan xilas yolunun Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında olduğunu dərk etməlidir. Düşünürəm ki, qarşıdakı dövrdə bu istiqamətdə diplomatik trafikin intensivləşəcəyini, müəyyən addımların atılacağını müşahidə edəcəyik. Proses davam edir, regionda yeni geosiyasi nizam yaranır”.
//Gülnarə Abasova, Editor.az

